Fevralın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Quba şöbəsinin fəalı Elmar Fərzəliyev Quba polisi tərəfindən saxlanılıb.
Bu barədə partiyadan məlumat verilib.
Partiya üzvlərinin sözlərinə görə, Fərzəliyev fevralın 3-də narkoloji analiz üçün aidiyyatı laboratoriyaya aparılıb.
Hələlik onun hansı maddə ilə ittiham olunduğu ilə bağlı məlumat yoxdur.
Partiyadan ehtimal edirlər ki, ola bilsin Elmar Fərzəliyevi narkotiklə şərləsinlər.
Fevralın 2-si səhər saatlarından partiyanın daha bir üzvü Orxan Baxışlıdan xəbər almaq mümkün olmayıb. Fevralın 3-ü o, Xətai Məhkəməsinin qərarı ilə 30 sutka həbs olunub.
Hazırda AXCP sədri Əli Kərimli və partiyanın 30-a yaxın üzvü həbsdədir.
Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dekabrın 1-də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ittiham olunaraq 2 ay 15 gün müddətinə həbs olunublar.
Partiya həbsləri siyasi sifariş kimi qiymətləndirir.