Partiya bununla bağlı bəyanat yayıb
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hakimiyyəti təkpartiyalı sistem yaratmaqda ittiham edir. Partiya bunun üçün cari ilin yanvarında qəbul edilən “Siyasi partiyalar haqqında” Qanunu və İnzibati Xətalar Məcəlləsindəki dəyişikləri göstərir.
Partiyanın yaydığı bəyanatda qeyd olunur ki, İlham Əliyev hakimiyyəti ölkədə siyasi müxalifəti yox etmək üçün 20 ildir tətbiq etdiyi repressiyaya artıq qanuni əsas yaratmaq istəyir:
“Yeni mürtəce qanunun qəbulu və İlham Əliyevin 16 avqustda “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanunu imzalaması məhz bu məqsədi güdür. Çox aydın görünür ki, məqsəd real müxalifət partiyalarının (ilk növbədə AXCP-nin) əvvəlcə müxtəlif bəhanələrlə dövlət qeydiyyatını ləğv etmək, sonra da ağır maddi cərimələrin təzyiqi ilə müxalif fəaliyyəti rəsmən, qanunun gücü ilə qadağan etməkdir”.
Bəyanatda qeyd olunur ki, AXCP yeni qanun müzakirəyə çıxarılandan onun mürtəce və ilk fürsətdə ləğv edilməli olduğunu bəyan edib, bundan sonra da bütün hallarda bu mövqeyində qalacaq:
“Lakin öz qeydiyyatının ləğv olunmasına hər hansı bəhanə verməmək üçün AXCP 5 min nəfərdən artıq üzvünün reyestrini Ədliyyə Nazirliyinə təqdim edib. Təqdim edilmiş siyahı çox diqqətlə hazırlanıb və təkrarən ciddi təftiş olunub. AXCP təqdim etdiyi siyahıdakı şəxslərin partiya üzvü olduğunu istənilən şəkildə isbatlamağa hazırdır”.
AXCP bəyan edir ki, əgər siyasi sifariş olmasa, onun qeydiyyatı ilə bağlı hər hansı problem yaranmamalıdır:
“Ancaq çox təəssüf ki, bəzi ilkin əlamətlərdən Ədliyyə Nazirliyinin siyasi sifarişlə AXCP-nin qeydiyyatını ləğv edə biləcəyi də hiss olunur. Hakimiyyət AXCP-nin qeydiyyatını ləğv etmək, daha sonra ağır maddi sanksiyalarla partiya üzvləri və rəhbərliyinin siyasi fəaliyyətinə mane olmaqla, ölkədə real müxalifətçiliyi ortadan qaldırmaq niyyətini gerçəkləşdirmək istəyə bilər. Əslində, yeni qanun və İnzibati Xətalar Məcəlləsinə düzəlişlər bilavasitə bu məqsədlə qəbul olunub”.
Bəyanatda bildirilir ki, AXCP-in qeydiyyatına hər hansı problem yaratmaq, ölkədə de-fakto ana müxalifət partiyası olan bir partiyanın fəaliyyətini qadağan etmək cəhdləri hakimiyyətin özü üçün də ciddi fəsadlar yaradar:
“Həmçinin, insanların Ədliyyə Nazirliyinin reyestr təsdiqi olmadan siyasi fəaliyyətlə məşğul olmasını böyük qanun pozuntusu kimi qiymətləndirib, ağır maliyyə sanksiyaları ilə cəzalandırmaq Konstitusiyaya və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara da ziddir və bunun ciddi etirazlar doğuracağı şübhəsizdir. İlham Əliyev hakimiyyəti hazırda demokratik dünyanın daha çox Rusiya-Ukrayna müharibəsi ilə məşğul olmasına və Azərbaycanla Ermənistan arasında daimi sülh sazişi əldə etmək istəyinin önə çıxmasına arxayın olmamalıdır. Avropa siyasi məkanına daxil olan, 20 ildən çoxdur Avropa Şurasının üzvü olan bir ölkədə dinc siyasi müxalifətçiliyi qanun səviyyəsində qadağan etmək özünə qarşı beynəlxalq birliyin cəza mexanizmini işə salmaq olar”.
“AXCP qeydiyyatla bağlı hansı vəziyyətin yaranacağından asılı olmayaraq, ölkədə universal hüquq və azadlıqların qorunması, demokratiyanın bərqərar edilməsi uğrunda dinc mübarizəsini bütün hüquqi və siyasi vasitələrlə davam etdirəcək. Azərbaycan xalqı bilməlidir ki, ölkədə real müxalifətçiliyin qanunla qadağan olunması və bununla da siyasi alternativlərdən məhrum edilməsi nəticə etibarilə onun yaşam şərtlərini daha da ağırlaşdırmaq, milli və dövlət maraqlarımıza ağır zərbə vurmaq demək olacaq. Belə bir təhlükənin önünə daha kütləvi etiraz və müqavimətlə çıxmaq lazımdır. Dünyanın demokratik ictimaiyyəti də İlham Əliyev hakimiyyətinin Azərbaycanı rəsmən totalitar, faktiki təkpartiyalı sistemin olduğu, Şimali Koreya tipində bir dövlətə çevirmək istəyinə neqativ münasibətini daha təsirli vasitələrlə bildirməli, beynəlxalq birlik bu istəyin baş tutmaması üçün vaxtında və prinspial siyasi mövqe nümayiş etdirməlidir”,-deyə bəyanatda qeyd olunur.
Prezident İlham Əliyevin avqustun 16-da imzaladığı İnzibati Xətalar Məcəlləsindəki dəyişiklik siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə siyasi partiyalara, partiya üzvlərinə və partiya rəhbərliyinə qarşı 17 növ cərimə cəzası nəzərdə tutur. Qeydiyyatı ləğv edilmiş və ya fəaliyyəti dayandırılmış partiyanın adından çıxış və hərəkətlərə görə fiziki şəxslər 700 manatdan 2000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 5000 manatadək, hüquqi şəxslər 6000 manatdan 15000 manatadək cərimələnə bilər.
İyulun 19-da AXCP reyestrə təqdim etdiyi siyahıya görə Ədliyyə Nazirliyi tərəfindən mənfi cavab almışdı.
Nazirlikdən partiyaya göndərdiyi məktubda qeyd olunmuşdu ki, 5138 üzvü əhatə edən reyestrdə 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən onlar tərəfinizdən dəqiqləşdirilməlidir .
“Siyasi partiyalar haqqında” Qanun nə vaxt qəbul olunub?
2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.
Hansı partiyalar buraxılıb?
Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.
Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır.
Həmin partiyaların rəhbərləri isə bu barədə məlumatları hökumətə yaxın media orqanlarından öyrənirlər.