AXCP Gənclər Komitəsinin sədri inzibati qaydada həbs edilib

Emil Səlim. Foto: Şəxsi Facebook səhifəsi

Fevralın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlim saxlanılıb.

Bu barədə partiyadan məlumat verilib.

Partiyanın yaydığı məlumatda bildirilib ki, Emil Səlim evindən çıxan zaman bir müddət izlənilib. Daha sonra yol polisi onu və maşında olan AXCP Rəyasət Heyətinin üzvü Saqif Qurbanovu saxlayıb. Sonra da onlarla əlaqə saxlamaq mümkün olmayıb.

Məlum olub ki, gənc fəal Yasamal rayon Məhkəməsinin qərarı ilə 20 sutka müddətinə inzibati həbs cəzası alıb.

Hazırda AXCP-nin 20-dən çox üzvü müxtəlif ittihamlarla həbsdədir. 

2025-ci il dekabrın 1-də partiyanın sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb və onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Partiya üzvləri ittihamları rədd edir və siyasi motivli sayır.

Ana səhifəXəbərlərAXCP Gənclər Komitəsinin sədri inzibati qaydada həbs edilib