AXCP Gənclər Komitəsinin sədri DTX-yə aparılıb

Emil Səlim. Foto: Şəxsi Facebook səhifəsi

AXCP Gənclər Komitəsinin sədri Emil Səlimin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparıldığı bildirilirb.

Bu barədə ailəsindən məlumat verilib.

Ailəsinin verdiyi məlumata görə, atası bu gün oğlunun saxlanıldığı Binəqədi təcridxanasına gedərək onun yerini öyrənməyə çalışıb və yalnız bundan sonra Emil Səlimin inzibati həbs yerindən DTX-yə aparıldığı barədə bilgi əldə edib.

Ailəsinin sözlərinə görə, fevralın 21-də atası görüşə gedərkən Emil Səlimin təcridxanada olmadığı bildirilib. O vaxtdan bəri ailə üzvləri gənc fəaldan heç bir xəbər ala bilməyib.

Vəkil də həmin gün görüş üçün təcridxanaya gedərkən ona Emil Səlimin orada olmadığı deyilib. Yalnız israr edildikdən sonra, onun guya təcridxanada olduğu, lakin görüşə çıxmaq istəmədiyi bildirilib.

AXCP-nin yaydığı açıqlamada deyilir ki, Emil Səlimin inzibati həbsi formal xarakter daşıyır və əsas məqsəd onun DTX-yə aparılması olub.

Partiya bildirir ki, indiyədək də fəalların təzyiq və hədə-qorxu yolu ilə təşkilatdan uzaqlaşdırılmasına cəhdlər olub. Emil Səlimin də bu cür təzyiqlərə məruz qala biləcəyi ehtimalı ciddi narahatlıq doğurur.

Fevralın 13-də Emil Səlim bir müddət izlənilib. Daha sonra yol polisi onun avtomobilini saxlayıb. Bundan sonra Emil Səlimlə əlaqə saxlamaq mümkün olmayıb. Sonradan məlum olub ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnformasiya-telekommunikasiya şəbəkəsində (internetdə) saxta və ya təhrif olunmuş məlumatların yerləşdirilməsi) maddəsi ilə ona 20 sutka inzibati həbs cəzası verilib.

Hazırda AXCP-nin 20-dən çox üzvü müxtəlif ittihamlarla həbsdədir.

2025-ci il dekabrın 1-də partiyanın sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişməyə yönələn maddələri ilə ittiham olunub. Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Partiya üzvləri bütün ittihamları rədd edir və siyasi motivli hesab edir.

Ana səhifəSiyasətAXCP Gənclər Komitəsinin sədri DTX-yə aparılıb