Ruslan Əmirovun vəkili ilə görüşünə icazə verilməyib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, karantin rejimi dövründə ikinci dəfə həbs olunan Ruslan Əmirovun vəkili onunla görüşmək istəsə də, icazə verilməyib. Bu barədə Meydan TV-də partiyanın mətbuat xidmətindən verilən məlumatda deyilir ki, vəkil mayın 31-də inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya gedib.
“Təcridxanada deyiblər ki, görüş mümkün deyil. Vəkil deyib ki, axı rəsmi iş günüdür, o da müvəkkili işlə görüşməlidir, apelyasiya şikayəti verilməsi üçün detalları müzakirə etməlidir. Deyiblər ki, olmaz. Ehtimal olunur ki, Ruslan Əmirovun da barəsində cinayət işi başlana bilər. Onu partiya sədri Əli Kərimlinin ictimai əsaslarla digər mühafizəçisi Niyaməddin Əhmədov haqqındakı cinayət işinə qoşmaq planı var. Terrorçuluq ittihamı sadə məsələ deyil, çevrəni böyütməlidilər ki, bir qədər inandırıcı görünsün. Niyaməddin Əhmədovu da əvvəlcə inzibati qaydada həbs edib, sonradan təcridxanadan aparıb işgəncə vermişdilər ki, Əli Kərimlinin əleyhinə ifadəyə imza atsın. İstisna olunmur ki, Ruslan Əmirova qarşı da eyni cür davranırlar”, – deyə AXCP-dən bildirilib.
R.Əmirov mayın 29-da Qaradağ rayon Məhkəməsinin qərarıyla həbs olunub. Ona İnzibati Xətalar Məcəlləsinin 510-cu (xərda xuliqanlıq) maddəsilə ittiham olunub və ona 15 sutka həbs cəzası kəsilib.
AXCP-dən verilən məlumatda isə deyilir ki, R.Əmirov mayın 28-də Masallı rayonunda tutulub, oradan Bakıya – Qaradağ rayonu, 11 saylı polis bölməsinə gətirilib.
R.Əmirov karantin rejimi dövründə ilk həbs olunan cəbhəçilərdən idi. O, aprelin 9-da övladını həkimə apararkən saxlanmış, 30 sutka həbs cəzası verilmişdi. AXCP fəalı mayın 9-da azadlığa buraxılmışdı.
Ə.Kərimlinin köməkçisi, mayın 8-də 30 sutkalıq inzibati həbsdən buraxılan Faiq Əmirli də mayın 25-də yenidən həbs olunub. Həyat yoldaşı Lalə Əmirlinin bildirdiyinə görə, F.Əmirli Ramazan bayramı ilə əlaqədar valideynlərinin məzarını ziyarət etmək üçün Sabirabada gedib. Oradakı evlərində olarkən polislər onu söhbət etmək adıyla çağırıb. Bir neçə saat sonra isə xəbər gəlib ki, F.Əmirliyə Sabirabad rayon Məhkəməsinin qərarıyla 15 sutka inzibati həbs cəzası kəsilib. O da İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinib.
Son iki ayda AXCP-nin 30-dan artıq fəalı həbs olunub. Onların əksəriyyətinə 30 sutka inzibati həbs cəzası kəsilsə də, üç nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Niyaməddin Əhmədov da 30 sutkalıq inzibati həbsdə idi. Onun cəzası mayın 15-də başa çatsa da, azadlığa buraxılmayıb. Üç gün sonra məlum olub ki, N.Əhmədovun da barəsində cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb.
AXCP bütün bunların partiyaya qarşı repressiyaların davamı olduğunu bəyan edib.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, bu şəxslərin hamısı konkret qanun pozuntularına görə məsuliyyətə cəlb edilib.