Partiya təzyiqləri söz və ifadə azadlığına təzyiq kimi qiymətləndirib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının saxlanıldığı bildirilir.
Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.
Bildirilir ki, AXCP-nin Ordubad rayon şöbəsinin fəalı Əsgər Ağasoyu polislər yanvarın 15-də axşam saatlarında yaşadığı evdən aparıblar:
“Yanvarın 15-də axşam saatlarında polislər Əsgər Ağasoyun yaşadığı evə gəlib. Heç bir əsas olmadan onu evdən zorla çıxarıb, polis idarəsinə aparıblar. Ailə üzvlərinə də səbəbi haqda heç bir məlumat verilməyib”.
“AXCP-nin Lənkəran şöbəsinin üzvü, Bakıda fəhləliklə günəmuzd pul qazanıb, ailəsini çətinliklə saxlayan, kirayədə yaşayan Ramil Eynəliyevi də bu gün polis saxlayıb. Onu Xəzər rayonu, 3-cü Polis Bölməsinə çağırıblar, hələ də buraxmayıblar. Güman edilir ki, sabah məhkəmə qarşısına çıxarılacaq”, – AXCP bildirib.
Partiya bəyan edib ki, fəallar heç bir qanun pozuntusuna yol verməyiblər.
Onların sosial şəbəkələrdə sosial-siyasi məsələlərlə bağlı tənqidi rəylərinə görə cəzalandırıldığı ehtimal olunur:
“Bu da ölkədə söz və ifadə azadlığının olmamasının, sosial şəbəkələrin nəzarət altında olmasının göstəricisidir”.
Daxili İşlər Nazirliyindən məsələyə münasibət bildirilməyib.
Hazırda AXCP-nin 10-a yaxın üzvü müxtəlif ittihamlarla həbsdədir.
Həmçinin partiya sədri Əli Kərimli haqqında da dekabrda ittiham hökmü çıxarılıb.
Lakin cəbhəçilərin heç biri özünü təqsirli bilmir, şərlənərək həbs olunduqlarını deyirlər.
Hökumət təmsilçiləri isə ölkədə siyasi motivlərlə heç kimin həbs olunmadığını iddia edir.