Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanma şəraiti ağırlaşdırılıb, bir sıra hüquqları isə məhdudlaşdırılıb.
AXCP-nin mətbuat xidmətinin məlumatına görə, Əli Kərimli iyunun 24-də ailəsi ilə görüşü zamanı bildirib ki, France 24 telekanalına verdiyi müsahibədən sonra o, başqa kameraya köçürülüb, saxlanma rejimi daha da sərtləşdirilib və digər məhbusların malik olduğu bəzi hüquqlardan məhrum edilib.
Məlumatda qeyd olunur ki, Əli Kərimlinin kamerasındakı televizor söndürülüb, radio yoxdur, vəkillərinin gətirdiyi qəzet və digər media materialları isə ona çatdırılmır.
AXCP sədrinin sözlərinə görə, o, gündəlik iki saat açıq havaya çıxmaq hüququndan da məhrum edilib.
Mətbuat xidmətinin yaydığı məlumatda Əli Kərimlinin saxlanma şəraiti ilə bağlı fikirlərinə də yer verilib:
“Kamerada elə dözülməz şərait yaradılıb ki, yuxusuzluqdan əziyyət çəkirəm. Bu şərait günlərlə davam edərsə, fiziki sağlamlığıma ciddi zərər dəyə bilər”.
Əli Kərimli sonda bildirib ki, heç bir təzyiq və çətinlik onu azadlıq və ədalət uğrunda mübarizədən, eləcə də əqidəsindən çəkindirə bilməz.
Əli Kərimli France 24-ə müsahibəsində özünü vicdan məhbusu adlandıraraq, həbsini siyasi sifariş kimi dəyərləndirib və Azərbaycandakı repressiyaların Rusiya ilə yaxınlaşma nəticəsində artdığını iddia edib. O, Avropanı Azərbaycan qazına görə prinsiplərdən imtina etməkdə tənqid edib və mübarizəni davam etdirəcəyini vurğulayıb.
AXCP sədri Əli Kərimli və Partiyanın Məclis üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan həbsədirlər. Əli Kərimliyə və Məmməd İbrahimə qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamları irəli sürülüb. Onların həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan geniş araşdırmalarla əlaqələndirilir. Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi represiyanın nümunəsi kimi qiymətləndiriblər.