Bərdə hadisələrində zərərçəkən: “Heç kim bizimlə maraqlanmır”

Bir il öncə Bərdədə, maşınların şütüdüyü bu dairədə həyat öz axarı ilə gedirdi. Qəfil baş verən raket hücumuna qədər…

Ötən il başlayan II Qarabağ savaşı sırasında Ermənistan silahlı qüvvələri 28 oktyabrda döyüş bölgəsindən uzaqda yerləşən Bərdəyə raket atdılar. Nəticədə 21 nəfər həlak olub, 70 nəfər yaralanıb. 
Ermənistan hərbiçiləri həmin ərəfədə Tərtər rayonunu da atəşə tutduğu üçün Kəmalə İsmayılova hamilə olan gəlini Tükəzban Mirzalıyevanı təhlükəsizlik üçün atasının yaşadığı Bərdəyə göndərir. Yoldaşı hərbçi olduğundan Tükəzbanın qorxuları var imiş ki, birdən əri uşağının üzünü görə bilməz. 5 ildir övladı olmayan Tükəzban körpəsini qucağına alandan 20 gün sonra həyatını itirdi.

Hadisə baş verən gün o atası ilə birlikdə yaşadıqları Çələbilər kəndindən Bərdəyə özünə paltar almağa və evə bazarlıq etməyə gedir. Bərdəyə çatıb, atası ilə çörək almağa düşəndə raket atəşi nəticəsində hər ikisi həlak olur.
Əsgər Allahverdiyev anası və atasının əlilliyi olduğuna görə 12 yaşından işləyib, evi dolandırıb. Elə valideynlərinin əlillik dərəcəsinə görə də onu hərbi xidmətə aparmayıblar. Hadisə günü Əsgər qəssab işlədiyi dükanda olub. Anası deyir, hökumət oğlunu onlara baxması üçün əsgər aparmadı, amma müharibə övladını əlindən aldı.

Tükəzban Mirzalıyevanın uşağı atasının yanında, Tərtər rayonunda böyüyür. İmkan etdikcə uşağı Bərdəyə, nənəsinin yanına gətirirlər. Kəmalə İsmayılova deyir ki, bir il müddətində heç bir dövlət qurumu uşaqla maraqlanmayıb.

Eyni gündə yoldaşını və qızını dəfn edən Ülviyyə Mirzalıyeva, oğlunu itirən Diləfruz Allahverdiyeva heç vaxt müharibə istəməyiblər, sülh tərəfdarı olublar. Deyirlər ki, bundan sonra heç nə onları təsəlli edə bilməz. Nə məhkəmə işi, nə cinayəti törədənlərin cəzalandırılması…

Hadisədən sonra Baş Prokurorluq məlumat yaymışdı ki, Ermənistan Silahlı Qüvvələri Bərdəyə içərisində 144 bombacıq olan “Smerç” tipli raket atıb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin “cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə, təcavüzkar müharibəni aparma maddələri ilə cinayət işi açıldı. Ermənistan hökuməti bu hücumu onların etmədiyini bildirdi.
Hadisənin baş verdiyi Bərdənin mərkəzində həyat öz axarına qayıtsa da, divarlarda hələ də atılan raketin mərmilərinin izləri qalır. Yaxınlıqdakı lövhədən isə hadisə qurbanlarının şəkilləri yığışdırılıb.

Ana səhifəVideoBərdə hadisələrində zərərçəkən: “Heç kim bizimlə maraqlanmır”