Rusiya Avropa İttifaqının strateji tərəfdaşları siyahısından çıxarılıb
Avropa Parlamenti Strasburqda plenar sessiya zamanı Avropa İttifaqı və Rusiya arasında siyasi münasibətlər barədə qətnamə qəbul edib.
Qətnaməyə əsasən, “Şimal axını 2” layihəsinin icrası dayandırılır.
Bundan başqa, Moskva Avropa İttifaqının strateji tərəfdaşı hesab olunmur.
Qətnamənin lehinə 402, əleyhinə 163 deputat səs verib.
Sənəddə vurğulanır ki, “Şimal axını 2” layihəsi Avropa İttifaqının Rusiya qazının tədarükündən asılılığını gücləndirir və Aİ-nin enerji siyasətinə cavab vermir.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə deyib ki, Avropa Parlamentinin qətnamə qəbul etməsi “Şimal axını-2” layihəsinin dayanması anlamına gəlmir. O hesab edir ki, qətnamənin qəbulu Rusiya qazından asılılıqla, enerji təhlükəsizliyinə təhdidlərlə bağlıdır.
“Ancaq qətnamənin qüvvəyə minməsi üçün bir neçə prosedur lazımdır. Qətnamənin qüvvəyə minməsi və hökumətlərin buna əməl etməsi, xüsusən Almaniyanın əməl etməsi çətin görünür”.
İlham Şabanın fikrincə, əgər qətnamə qüvvəyə minsə də, rəsmi Berlin ona əməl etməyəcək:
“Çünki ortada çox böyük maraqlar var. Birinci maraq ucuz enerjiyə çıxışdır. 2018-ci ilin yekunlarına görə Almaniya Rusiya qazını 235 dollardan alıb, kifayət qədər ucuzdur və bunun alternativini bazardan əldə etmək mümkünsüzdür”.
“Şimal axını – 2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiya qazının Almaniyaya tədarükünü nəzərdə tutur.