Polşa və Bolqarıstan Rusiyanın tələbindən imtina edib
Avropanın 4 qaz alıcısının Rusiyaya rublla ödəniş etdiyi bildirilir.
“Bloomberg” yazır ki, “Qazprom”a yaxın şəxs artıq 10 alıcının rubl hesabı açdığını söyləyib.
Dörd avropalı qaz alıcısı Prezident Vladimir Putinin tələb etdiyi kimi artıq tədarük üçün rublla ödəniş edib.
Digər alıcılar Kremlin şərtlərini rədd ediblər. Məsələn, Polşa və Bolqarıstan “Qazprom”un rubl ödənişləri üçün təklif etdiyi mexanizmdən imtina etdikdən sonra hər iki ölkəyə qaz axını dayandırılıb.
“Növbəti ödənişlər may ayında ödənilməlidir. Bu ayın ikinci yarısı daha çox kəsinti olacaq”, – adının gizli saxlanmasını istəyən mənbə deyib.
Onun sözlərinə görə, artıq 10 Avropa şirkəti Rusiyanın ödəniş tələblərini ödəmək üçün “Qazprombank”da hesab açıb.
Rusiya Avropanın 23 ölkəsini qazla təmin edir.
Ukraynaya hərbi müdaxilədən sonra Avropa İttifaqının Rusiyaya sanksiyalar tətbiq etməsi vəziyyəti gərginləşdirib. Sanksiyalara cavab olaraq, Moskva aprelin 1-dən etibarən qazın dəyərinin rublla ödənilməsini tələb edib.
Polşanın “PGNiG” qaz şirkəti açıqlama yayaraq bildirib ki, Rusiya aprelin 27-dən Polşaya qaz nəqlini dayandıracaq.
Moskva isə bu qərarı Varşavanın Rusiyanın qaz üçün ödənişlərin rublla edilməsinə dair martın 31-dən verilmiş tələbi rədd etməsi ilə əsaslandırıb.
Həmin vaxtdan Rusiya hökuməti Polşanı “dost olmayan ölkələr” siyahısına daxil edib.
“İnterfax” Xəbər Agentliyi isə “Qazprom” şirkətinin nümayəndəsinə istinadən yazırdı ki, Polşaya qaz verilməsinin dayandırılması hələ rəsmən elan olunmayıb.
Sadəcə, önənişlərin Rusiya valyutası ilə edilməli olduğuyla bağlı xəbərdarlıq edilib.
“PGNiG”-in ilin birinci rübündə idxal etdiyi qazın 53 faizini Rusiyadan alıb.
Eyni zamanda, Bolqarıstan da artıq Rusiyadan qazın verilməsinin dayandırılacağı ilə bağlı xəbərdarlıq aldığını bildirib.
Polşa, eləcə də bir sıra Avropa ölkələri uzun vədədə Rusiya qazından tam imtina etməyi planlaşdırdığını açıqlayıb.
Oktyabrda Norveçdən çəkilən yeni kəmər işə düşməlidir.
Kəmər tam gücü ilə düşərsə, Rusiya qazını əvəz edəcəyi bildirilir.