Avropalı deputatların Azərbaycanda kiberhücum qorxusu: “…beynəxalq skandaldır”

Avropa Parlamenti. Foto: shutterstockHadrian

Ərəstun Oruclu “təhlükə var”, Osman Gündüzlə Zahid Oruc “yoxdur” deyir

Noyabrın 1-də Avropa Parlamentinin eko-fəal üzvlərindən olan Maykl Bloss “Euronews”a deyib ki, Azərbaycanda keçiriləcək COP29 zamanı avropalı deputatlara ehtiyatlı olmaq tapşırığı verilib.

Blossun sözlərinə görə, Bakıya sammitə getməzdən öncə onlara birdəfəlik istifadəsi nəzərdə tutulan telefon və noutbuklar veriləcək.

Avropalı deputat hesab edir ki, Bakıda olarkən onların məlumatları oğurlana bilər:

“Təhlükəsizlik məsləhətçiləri bizim cihazlarımızın sındırılma ehtimalı ilə bağlı xəbərdarlıq etdilər. Bu, regionda müşahidə olunan repressiyaların şəxsi təcrübəsinə əsaslanan ehtiyat tədbiridir. Avropa Parlamentinin üzvləri olaraq belə, hökumətin nəzarətindən qorxmadan sərbəst ünsiyyət qura bilmərik”.

Foto: Maykl Blossun şəxsi səhifəsindən

Bir müddət öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe bildirmişdi ki, parlament üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri sammit çərçivəsində Azərbaycana gəlməkdən ehtiyat edirlər.

Maykl Blossun ittihamı çox ciddi olduğundan bir sıra suallar doğurur.

Doğrudanmı, avropalı deputatların Bakıda dinlənmə və kibercinayətkarlığa məruz qalma ehtimalları varmı?

Yeri gəlmişkən, hüquq müdafiə təşkilatları Azərbaycanda bu kimi hadəsələrin olduğunu bir neçə dəfə vurğulayıblar. Hətta Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) “Pegasus” olayı ilə bağlı araşdırma yayıb.

Bir sıra siyasi və ictimai şəxslər dinlənildiklərini əsas gətirərək Avropa Məhkəməsinə müraciət ediblər.

Peqasus
Foto: Meydan.TV

Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc Meydan TV-yə açıqlamasında iddiaları bölüşmür.

O deyir ki, Bakıda keçiriləcək COP29 əleyhinə xarici mediada və müxtəlif beynəlxalq təşkilatlarda çağırışlar edilir.

“Azərbaycan hökumətinə qarşı iddialar  müharibədəki qələbəmizlə bağlıdır”

Deputat bunun səbəbini isə Azərbaycanın Qarabağ probleminə son qoyması ilə izah edir və bunu Qərb dövlətlərinin kampaniyası sayır.

O hesab edir ki, “Washinqton Post”, “The Guardian” və digər böyük auditoriyası olan xarici media qurumları COP29 əleyhinə sistemli, ardıcıl kampaniya aparır, boykota çağırışlar edirlər:

Zahid Oruc. Foto: Meydan TV

“Bunun başlıca səbəbi Qarabağ probleminin həlli ilə bağlıdır. Vaxtilə ərazi bütövlüyümüz işğala məruz qalmışdı. Amma ölkəmiz işğala məruz qalmasına baxmayaraq, davamlı geosiyasi təzyiq və təxribatlarla üzləşirdi. Ermənistanın lehinə olan bu proseslər müharibədən yenidən güclənib. Bu da şiddət və yeni azğınlıqdan başqa bir şey deyil. İndiki halda Azərbaycanın mənfi obrazının yaradılması, iqlim sammitinin də hədsiz siyasiləşdirilməsi məqsədlidir. Fransa, Norveç, Niderland, Baltik ölkələrindən olan Litva və digərləri tədbiri zərbə altında almaq üçün çalışır”.

Onun fikrincə, bu media orqanları və təşkilatlar apardıqları “qara piar”ın əsrinə çevriliblər:

“Görünür, öz yazdıqlarına da bir para inamları yaranıb. Tədbirdə iştirak etməyəcəyini söyləyən Norveçin Baş naziri Störn heç olmasa bu anlamda fərqindədir ki, Şimal dənizindən çıxartdığı neftin ümumi dəyəri 1 trilyon dollardan çoxdur. Hansı ki Norveçin Rifah Fondunda olan aktivlərin məcmu kapitalı 1.8 trilyondan çoxdur. Bu ölkənin enerji şirkəti “Statoyl” “Əsrin müqaviləsi”nə qoşulan, uzun illər Xəzər dənizindən neft çıxarıb, qalıq yanacaqları yaradanlardan biri olub. Bu gün də adını dəyişməsinə baxmayaraq, Avropa məkanında hər il milyonlarla avro xərcləyib külək və günəş enerjisi deyil, yeraltı qazıntı yanacaqları ilə iqtisadi bazasını saxlayır. Heç olmasa, onlar bizi nədəsə ittiham etməsinlər. Son 200 ildə karbon-oksidi tullantılarını dünyaya yayan 5 ölkədən birincisi Çindirsə, ikincisi ABŞ, üçüncüsü Hindistan, dördüncüsü Rusiya və beşincisi Yaponiyadır. Azərbaycan heç ilk onluqda da deyil. Bu mənada siyasi qərarları və Azərbaycan hökumətinə qarşı iddiaları da müharibədəki qələbəmizlə bağlıdır”.

COP29. Foto: REUTERS/Aziz Karimov
COP29. Foto: REUTERS/Aziz Karimov

Əminəm ki, onlar hava limanına düşəndən sonra izlənmədiklərini görəcəklər”

Zahid Oruc Azərbaycana qarşı münasibəti geosiyasi maraqların çəkişməsi kimi qiymətləndirib:

“Faktiki olaraq iqlim diplomatiyası çevrəsində qarşılarına qoyduqları müxtəlif ambisiyalar var. Üçüncü, yenə də geosiyasi davalar və nəhayət, Azərbaycanı kənardan dözülməz və hər fəaliyyətin izləndiyi mənzərə kimi təqdim etməkdir. Yaxşı xatırlayıram, 2010-cu ildə NATO-nun tədbirində ayrı-ayrı siyasətçilər, diplomatlar bizdən soruşurdular ki, ölkənizdə çarşablı şəxslərin ümumi nisbəti nə qədər olar? Görürdüm ki, Azərbaycan barədə diletant yanaşma beynəlxalq resurslardan qaynaqlanan materiallardan irəli gəlir. COP29-la bağlı informasiya kütləsi ilə tanış olanda görəcəksiniz ki, orada əvvəlcə ANCA-nın (ABŞ-dəki erməni icması) məlumatları yerləşib. Hətta ABŞ Konqresində uzun illər Azərbaycan əleyhinə ardıcıl şəkildə qətnamələr qəbul edən şəxslər də, məsələn, Fred Poloni də onların sırasındadır. O cümlədən, ekoaktivistlər, anarxistlər və digərləri. Onların Bakıda və digər bölgələrdə müxtəlif siyasi aksiyalar törədəcəyinə şübhəm yoxdur”.

ABŞ Konqresi. Foto: Reuters

“Bu adamlar Azərbaycanı totalitar boyalarla verməyə çalışırlar, amma gəlib gerçək durumu gördükdən sonra əminəm ki, aralarında vicdanlı adamlar çox rahatlıqla yanıldıqlarını göstərə bilərlər. Amma üzərlərində çox ciddi tapşırıq və təlimatlar olanlarsa, hansısa neft-qaz mənzərələrindən Bakının ümumi tablosunu göstərməyə çalışacaqlar. Əlbəttə, Azərbaycanın ekoloji tələblərdə dünyada nömrə bir olduğunu iddia etmirik. Şübhəsiz ki, müxtəlif ölkələrdə olduğu kimi Azərbaycanda da çirklənmiş su hövzələri də var, paytaxtın ümumi kommunal problemləri də inkar edilməzdir. Lakin hökumət “Yaşıl Azərbaycan” üzərində davamlıdır və bu yöndə işlərin bəzisi uğurludur. Belə şəraitdə xarici media təmsilçilərinin, blogerlərin, ekologiya ekspertlərinin Azərbaycana xeyirxahlıq duyğuları ilə gəlməsi, xalqımızın min illik dəyərləri ilə tanış olmaları, azad edilmiş regionlara gedib ordakı durumu ifadə etmələri bu yöndə yaranan sualları da meydana çıxarmaz. Əslində, uydurulan qənaətin səbəbi biz yox, yaratdıqları informasiya terrorudur. Əminəm ki, onlar hava limanına düşəndən sonra izlənmədiklərini görəcəklər”, – deyə deputat fikrini tamamlayıb.

Blossun söylədikləri yalnız Azərbaycanla bağlı deyil”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Meydan TV-yə deyib ki, Avropa Parlamentində və digər ölkələrin qanunverici orqanlarında belə qaydalar var.

Onun sözlərinə görə, avropalı deputat Mayk Blossun söylədikləri yalnız Azərbaycanla bağlı deyil:

Osman Gündüz
Osman Gündüzün şəxsi arxivi

Avropa Parlamentinin özündə təhlükəsizlik qurumu seçim qaydasında bu məsələni müəyyən edir. Yəni hər hansı deputat başqa ölkəyə gedəndə təhlükəsizlik məqsədi ilə onun şəxsi telefon və noutbukundan istifadəni tövsiyə etmir. Bunun qarşılığında bir dəfə istifadə edəcək telefon və noutbuk verir. Ölkəsində qayıdanda isə həmin avadanlıqlar alınıb ya məhv edilir, ya da təmizlənib növbəti istifadə üçün saxlanılır. Məncə, deputatın dedikləri ya anlaşılmazlıqdan belə təqdim olunub, ya da Azərbaycanı gözdən salmaq üçün məqsədli bəyanat yayıb. Mən onunla razılaşmıram. Hətta ola bilər ki, Azərbaycan deputatları və ya məmurları da xaricə gedəndə belə tövsiyyələr olsun. Bu, istifadə edilən praktika yalnız Azərbaycanla bağlı deyil“.

“Maykl Blossun dedikləri beynəlxalq skandaldır”

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu isə fərqli düşünür.

O deyir ki, avropalı deputatlara bu cür telefon və başqa avadanlıqların paylanması, Azərbaycanın Avropa institutlarında çox mənfi imicə malik olmasının göstəricisidir:

Əslində, Azərbaycana bu münasibət yenilik deyil. Belə çıxır ki, Azərbaycanda daxili və xarici amillər kibercasusluqla məşğul olur və bu, avropalı deputatlar üçün təhdidlər yaradar. Ona görə də düşünürlər ki, onların telefonlarından və noutbuklarından hansısa datalar oğurlanar, mühüm məlumatlar ələ keçirilər, o cümlədən, şəxsi məlumatlar”.

Siyasi şərhçi Ərəstun Oruclu
Foto: AFU

Ərəstun Oruclu Maykl Blossun dediklərini beynəlxalq skandal sayır:

İndiyə qədər avropalı deputatların Azərbaycana gedənlərə xəbərdarlıq edib bu cür iddialar səsləndirdiklərini eşitməmişdim. Təbii ki, bu açıqlamanın siyasi tərəfi də var, rəsmi Bakıya təzyiqin bir elementidir. Amma yalnız bu baxımdan yanaşmaq da yanlışdır, çünki Azərbaycanda kibertəhlükəsizliklə bağlı skandallar da olub. Hər kəs bilir ki, hakimiyyət yüzmilyonlarla vəsait xərcləyib İsraildən müxtəlif casus proqramları alıb və həm öz vətəndaşlarına, həm də əcnəbilərə qarşı istifadə edib. Yəni bu şübhə boş yerə yaranmayıb, bunun üçün ciddi əsaslar var və şikayətlər məhkəmələrə qədər gedib çıxıb. Hər bir halda görünən budur ki, Azərbaycan hakimiyyətinə etimad və təhlükəsizlik təminatına güvən yoxdur. Lakin hökumət heç vaxt bundan nəticə çıxartmayacaq. Necə ki müxtəlif ölkələrin şəbəkələri fəaliyyət göstərib və davam edəcək. Hökumət özü də müdaxiləyə davam edəcək”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.

Ana səhifəCOP29Avropalı deputatların Azərbaycanda kiberhücum qorxusu: “…beynəxalq skandaldır”