Lena Şilling hər altıncı aylıq maaşı ilə yaşıl təşəbbüsləri və aktivistləri dəstəkləyəcək
Avropa Parlamentində təmsil olunan Yaşıllar Partiyasının üzvü Lena Şilling hər altıncı aylıq maaşını, yəni ümumilikdə 10,000 avronu, yaşıl təşəbbüsləri və aktivistləri dəstəkləmək üçün ianə etməyi planlaşdırdığını elan edib. Təxminən 3,000 avro hazırkı hakim partiyanın üzvləri tərəfindən dəstəklənən Yaşıl Vətəndaşlar Təşəbbüsü Assosiasiyasına gedəcək, qalan 7,000 avro isə hər altı aydan bir aktivistlərin dəstəklənməsi üçün istifadə olunacaq, – Lena Şillingin mətbuat katibi bazar ertəsi Austria Presse-Agentur (APA)-ya bildirib.
“Turan” agentliyi istinadən yazır ki, ilk ianə Azərbaycanın iqlim aktivisti Qubad İbadoğluna və Qeyri-Hökumət Təşkilatı “Global Witness”-ə yönəldiləcək. Qeyd olunur ki, ölkəsində neft və qaz sənayesinin tanınmış tənqidçisi olan İbadoğlu keçən il həbs olunmuş və apreldən bəri ev dustaqlığında saxlanılır. Onun sağlamlıq vəziyyətinin kritik olduğu bildirilir və qızı Jalə Bayramovanın sözlərinə görə, təcili olaraq ürək əməliyyatına ehtiyacı var, lakin müvafiq tibbi yardıma çıxışı yoxdur.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.
Qubad İbadoğlunun həbsindən az sonra – avqustun 8-də Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib. Ona da eyni maddə ilə ittiham verilib.
Avqustun 25-də Qubad İbadoğluna Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
O, aprelin 22-də həbsdən buraxılıb. Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.
Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəz olunub.