Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (CPT) nümayəndə heyəti Bakıda Azərbaycan hakimiyyət nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçirib.
Görüşlər aprelin 2-də baş tutub. Müzakirələr CPT ilə Azərbaycan arasında əməkdaşlığın vəziyyətinə həsr olunub. Xüsusilə hüquq-mühafizə orqanları, penitensiar müəssisələr və psixiatriya qurumları ilə bağlı Komitənin uzunmüddətli tövsiyələrinin icrası diqqət mərkəzində olub.
Tərəflər həmçinin CPT-nin 2025-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycana etdiyi dövri səfərin nəticələrini müzakirə ediblər. Həmin nəticələr 2026-cı ilin mart ayının ortalarında Azərbaycan hakimiyyətinə təqdim olunub.
CPT nümayəndə heyəti daxili işlər naziri Vilayət Eyvazov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov və səhiyyə nazirinin müavini Nadir Zeynalov ilə görüşüb. Görüşlərdə müvafiq qurumların digər yüksək vəzifəli nümayəndələri də iştirak ediblər.
Nümayəndə heyətinə CPT prezidenti Alan Mitçell rəhbərlik edib. Heyətdə həmçinin Moldova üzrə CPT üzvü Viktor Zaxariya yer alıb. Onları CPT-nin keçmiş ikinci vitse-prezidenti, 2025-ci ildə Azərbaycana həyata keçirilən səfərin rəhbəri Tereza Rütter və CPT Katibliyinin şöbə müdiri Boris Vudz müşayiət edib.
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi 2024-cü ilin iyulunda yaydığı bəyanatda Azərbaycan hökumətinin komitə ilə əməkdaşlığı dayandırdığını bildirmişdi.
Komitə bunu Avropa Konvensiyasının tələblərinin kobud pozuntusu kimi qiymətləndirirdi.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səsvermə hüququ 2024-cü ildən dondurulub. Buna səbəb kimi ölkənin insan hüquqları sahəsində qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib.
Azərbaycan hakimiyyəti isə buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı həmin qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana girişinə məhdudiyyət tətbiq edib.
Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunacağı təqdirdə əməkdaşlığa hazırdırlar.