Avropa Şurasından daha 28 rusiyalıya və bir şirkətə sanksiya

Rusiya sülhməramlıları, Emil Aliyarli/shutterstock

Qarabağdakı sülhməramlıların keçmiş komandanı Rüstəm Muradov da sanksiyalara məruz qalıb

Avropa Şurası Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən 26 şəxs və bir quruma sanksiya tətbiq edib.

Şura fevralın 28-də açıqladığı bəyanatda bildirir ki, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslər və qurumların sırasına 26 nəfərlə bir qurum əlavə edilib.

“Yeni siyahılara neft, bank və maliyyə sektorlarında fəaliyyət göstərən oliqarxlar və iş adamları, o cümlədən hökumət üzvləri, yüksək səviyyəli hərbçilər, Ukrayna əleyhinə təbliğatın yayılmasına və Ukraynanın işğalına müsbət münasibətin təşviqinə töhfə verən təbliğatçılar daxildir”.

“Ukraynanın işğalına şərait yaradanlar hərəkətlərinin əvəzini ödəyəcəklər”

Şuranın Xarici Əlaqələr və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Xosep Borrell bildirib ki, bu yeni, əlavə sanksiyalarda Putin rejiminin dəstəklənməsində mühüm iqtisadi rolu olan və sistemdən maliyyə cəhətdən faydalanan hər kəs hədəfə alınıb:

“Sanksiyalar Putinin elitasının sərvətini ifşa edəcək. Ukraynanın işğalına şərait yaradanlar hərəkətlərinin əvəzini ödəyəcəklər”.

Xosep Borrell əlavə edib ki, hazırda 680 fiziki şəxsə və 53 quruma şamil edilən məhdudlaşdırıcı tədbirlərə aktivlərin dondurulması və sadalanan fiziki və hüquqi şəxslərə vəsaitlərin verilməsinə qadağalar tətbiq edilməsi daxildir:

“Bundan əlavə, sadalanan şəxslərə tətbiq edilən səyahət qadağası onların Avropa İttifaqı ərazisinə daxil olmasına və ya tranzit keçməsinə də mane olacaq”.

“Rusiya qlobal təhlükəsizlik və sabitliyə zərbə vurub”

Bugünkü qərara həmçinin Avropa Sülh Mexanizmi vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin avadanlıq və təchizatla təmin edilməsi, Avropa İttifaqı hava məkanının üzərindən uçuşa və bütün növ Rusiya aviadaşıyıcılarının Aİ hava limanlarına girişinə qadağa və Rusiya ilə bütün əməliyyatlara qadağa daxildir.

Sonda Avropa İttifaqı Rusiya Federasiyasının Ukraynaya qarşı əsassız hərbi müdaxiləsini pisləyir. Bildirir ki, Rusiya qeyri-qanuni hərbi hərəkətləri ilə beynəlxalq hüququ və BMT Nizamnaməsinin prinsiplərini kobud şəkildə pozub:

“Bununla da Avropaya, qlobal təhlükəsizlik və sabitliyə zərbə vurub”.

Rüstəm Muradov və Dmitri Peskov

Avropa Şurasının ən son sanksiya tətbiq etdiyi şəxslər arasında Qarabağdakı rus sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Sergeyeviç Peskovun da adı var.

Sanksiya qoyulan qurum isə – Qaz Sənayesi Sığorta Şirkəti SOGAZ-dır (“Страховое общество газовой промышленности” AO “SOGAZ”).

Siyahıya sonuncu daxil edilən qalan 24 nəfər isə – İqor İvanoviş Seçin, Nikolay Petroviç Tokayev, Alişer Usmanov, Petr Oleqoviç Aven, Mixail Maratoviç Fridman, Sergey Pavloviç Roldugin, Dmitri Nikolayeviç Çernişenko, İrek Envaroviç Faizullin, Vitali Gennadyeviç Savelyev, Andrey Anatolyeviç Turşak, Tigran Edmondoviç Keosayan, Olqa Vladimirovna Skabeyeva, Aleksandr Ponomarenko, Modest Alekseyeviç Kolerov, Roman Georgiyeviç Babayan, Yevgeniy Nikolayeviç Prilepin, Anton Vyaçeslavoviç Krasovski, Arkadi Viktoroviç Mamontov, Sergey Mixayiloviç Pinçuk, Aleksey Yureviç Avdeyev, Andrey İvanoviç Siçevoy, Gennadi Nikolayeviç Timşenko, Aleksey Alexandroviç Mordasşov, Peter Mikhayloviç Fradkovdur.

Bu gün Avropa Şurasının sanksiyasına məruz qalmış şəxslərin tutduğu vəzifələr, eyni zamanda, daha öncə sanksiyalara tuş gəlmi 600-dən çox şəxslə bağlı ətraflı oxuyun.

Nə baş verib?

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Rusiyanın bir sıra bankları SWIFT sistemindən (Transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün bu sistem önəmli sayılır) çıxarılıb. Almaniya kansleri Olaf Şolz “Nord Stream 2” boru xəttini (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) dayandırıb.

Böyük Britaniya Rusiyanın 5 bankına və zəngin şəxslərinə sanksiyalar tətbiq edib.

Avropa İttifaqı ölkələri Rusiyanın üzünə hava məkanını bağlayıb. Eyni zamanda, Rusiyadan olan yüzlərlə şəxsə sanksiyalar tətbiq edib.

Böyük Yeddilik (G7) ölkələrinin sərt maliyyə sanksiyalarından sonra – fevralın 28-də Rusiyanın milli valyutası 25 faizədək dəyər itirib.

Eləcə də, dünyanın bir çox ölkələrində Ukraynaya dəstək mitinqləri keçirilib.

Ana səhifəDünyaAvropa Şurasından daha 28 rusiyalıya və bir şirkətə sanksiya