Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) milli azlıqların hüquqlarının təşviqi adlı
qətnamə
qəbul edib. Viorel Riceard Badea tərəfindən hazırlanan məruzəyə əsasən qəbul edilən qərarda bildirilir ki, Avropadakı mədəniyyətlərin və dillərin müxtəlifliyini təşviq etmək və qorumaq qitə boyunca demokratik özgüvən və sülh üçün zəmanət verir.
Fevralın 4-də isə Avropa Şurasının milli azlıqların qorunmasına dair Çərçivə Konvensiyası üzrə Konsultativ Komitəsi Azərbaycan üçün yeni rəyini və Azərbaycan hökumətinin bu rəyə münasibətini
dərc edib
.
Komitə Azərbaycan hökumətinə ən başlıca iradı kimi etnik azlıqların hüquqlarının müdafiəsi üçün qanunvericiliyin olmamasını göstərib. “Milli azlıqların nümayəndələri öz hüquqlarını bilmir və buna nail olmaqda çətinlik çəkirlər,” – Komitə bildirib.
İkinci əsas irad olaraq milli azlıqların dillərində radio və televiziya yayımına maneələrin aradan qaldırılmaması göstərilib. Çap KİV-ə dövlət tərəfindən dəstək olmaması və universitet səviyyəsində yalnız rus və gürcü milli azlıqlarının dillərinin öyrənildiyi, digərləri üçün isə bu imkanın yaradılmadığı xüsusi vurğulanıb.
Komitə Azərbaycanda qeyri-hökumət təşkilatları və insan hüquqlarının təşviqi ilə məşğul olan ayrı-ayrı şəxslər, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün məhdud və problemli hüquqi, siyasi şəraitin qalmasından dərin narahatdır. Məruzədə qeyd olunur ki, əsasən "talış və ləzgi azlıqlara mənsub şəxslər azlıqların hüquqlarının reallaşdırılması zamanı Azərbaycanın ərazi bütövlüyünə şübhə edənlər kimi qəbul edilmək riskinə məruz qalırlar".
Azərbaycan hökuməti isə məruzəyə edilən şərhində göstərilən iradları rədd edib.
Azərbaycan hökumətinin məruzədə müsbət rəy alması üçün etdiyi fəallıq yalnız mətbuat üçün verilən statistikadan ibarət olub. Ötən ilin 26 dekabrında Azərbaycan Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirmişdi ki, ölkədə 108 (I- IX siniflər) ləzgi dilində, 225 (I-IV siniflər) talış dilində məktəb var.
Lakin Təhsil Nazirliyinin verdiyi rəsmi məlumatlar Etibar Nəcəfovun açıqlaması ilə uzlaşmır. Çünki Təhsil Nazirliyi məktəblərdə talış və ləzgi dillərinin tədris edildiyini bildirsə də, heç zaman belə bir məktəbin olduğunu bildirməyib. Çünki tədris edilən bütün fənlər milli azlıqların dilində deyil. Milli azlıqların ana dilləri yalnız ayrıca fənn olaraq keçirilir.
Bölgələrdə talış dilinin tədrisi ilə bağlı ciddi problemlər var
“Üç il əvvəl Təhsil Nazirliyi bizə söz verdi ki, kitabları təzə formatda nəşr edəcəklər. Amma o kitablar hələ də hazır olmayıb. Talış dilinin tədrisi çox az məktəbdə var. Bu da ordakı direktor və müəllimlərin fərdi müsbət kefiyyətlərinə, vicdanına bağlı məsələdir. Onların şəxsi iradəsi sayəsində keçirilir. Mənim özüm dəfələrlə kəndlərə gedib məktəblərdəki vəziyyət barədə məlumat toplamışam. Dərs keçirilməsi bir yana, mən elə müəllim və direktorlar görmüşəm ki, valideyin və uşaqları hədələyib və bildirib ki, kimsə məktəb dəhlizində və ya sinifdə talışca danışsa, ona iki yazacaq. Bu da yerli insanlar arasında ciddi narazılığa səbəb olur. Məndə olan məlumatlara görə, müəllimlərin bu tip davranışı üst dövlət qurumlarından qaynaqlanır. İcra hakimiyyətləri, xüsusi xidmət orqanları təhsil şöbələrinin müdürlərinə tapşırır ki, dərslər formal olmalıdır. Çünki bu formallıq Avropadan gələn nümayəndələri aldatmaq üçündür. Lerikin icra başçısı maarif müdürünə hədə-qorxu gəlir bu barədə. Görünən odur ki, Təhsil Nazirliyi iş görməyə çalışır, digər dövlət qurumları isə buna imkan vermir. Məsələnin ikinci tərəfi isə budur ki, dərs vəsaitləri yoxdur. Vicdanlı müəllimlər köhnə kitabların nüsxəsini çap edib tədrisdə istifadə edirlər”.
Səfərov ölkədə 225 talış dilində məktəbin olmasını da real qəbul etməyib:
“Dünyada talışşünaslıq kafedrası 2 ölkədə var. Bunlardan biri Kanadanın Toronto Universitetidir, digəri isə Yeravan Dövlət Universiteti. Azərbaycanda isə qeyri-rəsmi statistikaya görə 1 milyondan çox talış yaşayır, amma heç bir dövlət və özəl universitetdə talış dili və ədəbiyyatı fakültəsi yoxdur. Söhbət tək talışlardan getmir. Xarici olan və ya talış olmayan ölkə vətəndaşları da talış mədəniyyətini öyrənmək istəyir. Çünki bu Hind-Avropa mədəniyyətinin ən qədim, lakin hələ də tam araşdırılmayan mədəniyyətlərindən biridir. Bu mədəniyyəti araşdırmaq istəyən ya Kanadaya getməlidir, ya da Ermənistana. Kanadada təhsil almaq çox bahalıdır. Xaricilər Ermənistana gedir, amma azərbaycanlıların ora gedə bilməsi mümkünsüzdür. Deyirlər ki, 225 məktəbdə talış dili dərsi keçirilir. Mənə maraqlıdır, ordakı müəllimləri Kanadada, Ermənistanda oxutdurublar, yoxsa biz bilmədiyimiz bir yerdə təhsil alıblar? Bu statistikanın özü də qüsurludur. Talış regionunda talışların çoxluq təşkil etdiyi 500-dən çox məktəb var. Həmçinin Bakı, Sumqayıt şəhərlərində, digər rayonlarda da talışların kompakt yaşadığı yerlər var. Bəs ordakı məktəblər necə olsun?”
Səfərov həmçinin bununla bağlı Azərbaycan Respublikasının prezidentinə və digər dövlət qurumlarına müraciətlər etdiyini, lakin müraciətlərinin cavabsız qaldığını deyir:
“Dəfələrlə prezidentə müraciət etmişik ki, Lənkəran Dövlət Universitetində və Pedaqoloji Kollecdə kafedralar açılsın, peşəkar talış dili mütəxəssisləri yetişdirilsin. Ən azından Talış dili Filalogiyası Kafedrası olmalıdır. İnsanlar imtahan verib ora qəbul olmalı və araşdırmalar etməlidir. Bir mədəniyyəti niyə bu cür silib kənara atırıq? Bu problem bugünə qədər həll olunmayıb. Kadr hazırlanmırsa, dərs vəsaitləri yoxdursa, harda, necə təhsil verirlər? Kim keçir bu dərsləri? Göstərsinlər görək kadrlar, tədris vəsaitləri hardadır, biz də onda inanarıq ki, deyilənlər doğrudur. Bilirsizmi bu nəyə bənzəyir? Bizə deyirlər ki, gedin oturun bir ağacın üstündə və kosmosa uçmağa çalışın. Bu imitasiyadır və idbarcasına saxtalaşdırmadır”.
Milliyətcə talış olan Seyran Dadaşov Sumqayıtda yaşayır. O, Azərbaycanda sayca talışlardan az olan ruslar üçün rusca məktəblərin olduğunu, öz uşaqlarına isə talışca məktəb tapa bilməməsindən gileylənir:
“İki uşağım var. 15 yaşlı oğlum doqquzuncu, 10 yaşlı qızım dördüncü sinifdə oxuyur. İstəmişəm ki, uşaqlarım talış dilində təhsil alsın. Amma Sumqayıtda belə bir şərait yoxdur. Yalnız talış bölgəsində talış dilində pis-yaxşı dördüncü sinifə qədər təhsil olur. Digər yerlərdə, ümumiyyətlə, belə bir praktika yoxdur. Bakı, Sumqayıt kimi yerlərdə belə bir yer tapmaq mümkün deyil”.
O, bununla və digər oxşar problemlərlə bağlı talış ziyalıları ilə birgə Azərbaycan Respublikasının Prezidentinə və dövlət qurularına məktublar yazdığını, lakin indiyənə qədər bu məktublara cavab ala bilmədiyini deyir.
Əvvəllər Azərbaycanda, hazırda isə Fransada yaşayan Vüqar Rəhmanov talış regionunda keçirilən dərslərin formal olduğunu, yalnız cədvəldə qeyd edildiyini deyir:
“Əslində dərslər keçirilmir. Ya da çox az yerlərdə keçirilir. Bu cür halları bəlkə də sadəcə diqqətsizlik kimi görmək olar. Lakin mən düşünürəm ki, bundan daha böyük problemlər var. Talışca olan kənd adları açıq-aydın Azərbaycan dilinə dəyişdirilir. Misal üçün “Ozobijən” adlı kəndin adını dəyişib “Günəşli”, “Qomuşəvone” kəndinin adını dəyişib “Göyşaban” ediblər. Bu adların kəndin tarixi, əhalisi ilə heç bir bağlılığı yoxdur. Belə 100-ə yaxın kənd adı dəyişdirilib. Buna diqqətsizlik demək olmaz, bu, açıq şəkildə saxtalaşdırmadır. Bir dəfə Azərbaycan Parlamentində müzakirə oldu və təklif etdilər ki, talış dağlarının adını dəyişib “Cənub dağları” edək. Həmin müzakirədə həmçinin deyildi ki, Talış adlı xanlıq olmayıb, Lənkəran xanlığı olub. Nə ehtiyac var bu tip açıq faktlar haqda belə danışmağa? Bir xanlığın, ya da dağın adını dəyişəndə nə olur? Sadəcə olaraq özlərinin ciddi fobiaları var. Bu cür təhdidlərin olduğu bir şəraitdə hansısa problemin həllindən danışmaq təbii görünmür. Mən şəxsən hökumətin bu məsələdə nəyisə düzəldəcəyinə inamıram. Onların belə bir niyyəti yoxdur”.
Azərbaycan çərçivə sazişini talış, ləzgi və digər xalqlarla bağlı indiyənə qədər yerinə yetirməyib
Hüquqşünas Ataxan Əbilov bu məruzəni söz oyunu adlandırıb: “Yeni hesabatla tanışam. Hesabatın əsasında “nə şiş yansın, nə kabab” prinsipi durur. Azərbaycan etnik azlıqlarla bağlı çərçivə sazişini tələsik, Avropa Şurasına üzv olmamışdan öncə imzalayıb. Lakin bu sazişin bircə maddəsi, bircə norması belə köklü xalqlara münasibətdə tətbiq edilməyib. Bu, birmənalı şəkildə bu hesabatda öz əksini tapmalı idi. AŞ sadəcə Azərbaycan hökuməti ilə söz oyunu oynayır. Azərbaycan çərçivə sazişini talış, ləzgi və digər xalqlarla bağlı indiyənə qədər yerinə yetirməyib və belə bir fikirdə olduğu da görünmür. Çərçivə sazişi talış dilində var. Mən tərcümə etmişəm. Amma Azərbaycan Respublikasının Konstitusiyası talış dilində mövcud deyil. Əgər Azərbaycan hökuməti talışları və digər milli azlıqları öz vətəndaşı olaraq qəbul edirsə, niyə öz konstitusiyasını o dillərə tərcümə etmir? 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edilən zaman üzərinə əsas öhdəlik götürmüşdü. Bunlardan birinci Avropa Şurasının Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyasına qoşulmaqla bağlıdır. Amma indiyə qədər qoşulmayıb. Aydın şəkildə bildirirlər ki, qoşulmayacaqlar. Digəri isə milli azlıqlar barədə qanun qəbul etməkdir. Bu öhdəliklərin altında imza qoymuşdular, amma öz imzalarına hörmət etmirlər. Avropa Şurası da bunu dilinə gətirmir. Onların hesabatı bununla başlamalıydı ki, Azərbaycan milli azlıqlarla bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir. Talışların özü “milli azlıq” sözü ilə razılaşmır. Çünki onlar sadəcə azlıqda qalan xalqdır. Sayları yetəri qədərdir ki, onlara “milli azlıq” deyilməsin. Amma bir xalq olaraq heç bir hüquqları yoxdur. Ləzgilər də eyni vəziyyətdədir. Tatlar isə artıq o dərəcədə süni assimiliyasiya edilib ki, artıq öz kimliklərindən xəbərdar deyillər”.
Əbilov hökumətin köklü və gəlmə milli azlıqlara fərqli münasibətinin qəribə olduğunu xüsusi hal kimi vurğulayıb: “Burada çox incə, lakin köklü məsələlər var. Bu məsələlər analitik məzmunlu elmi yanşma tələb edir. Azərbaycan çoxmillətli bir dövlətdir. Azərbaycanın etnik coğrafiyası Avropa Şurası tərəfindən tam öyrənilməyib. Bu etnik xalqların bir hissəsi yerlidir, digər hissəsi isə sonradan müxtəlif səbəblərdən Azərbaycana köçən və ya köçürdülənlərdir. Bura ruslar, almanlar, tatarlar və polyakları aid etmək olar. Qəribə olan isə budur ki, Azərbaycan hökuməti sonradan gələn xalqlara qarşı mülayimdir, onlara şəraitlər yaradır, amma köklü xalqlara qarşı tamam fərqli davranır. Yerli xalqları tanımaq istəmir. Təbii ki, hüquq hər bir kəs üçün eyni olmalıdır. Lakin Azərbaycan hökumətinin bu cür açıq ayrıseçkilik davranışı araşdırılmalıdır”.