Nikol Paşinyan Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsinə münasibət bildirib
2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta 2025–2028-ci illər üçün müəyyən edilmiş ev sahibliyi ölkələrini açıqlayarkən bildirib.
2026-cı ildə sammitlər Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında isə Azərbaycanda, ikinci yarısında da Latviyada keçiriləcək.
Koştanın açıqlamasında qeyd olunub ki, bu tədbirlər Avropa qitəsində siyasi dialoqun təşviq olunması və əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Avropa Siyasi Birliyi ideyası ilk dəfə 2022-ci ilin mayında Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb. İlk zirvə toplantısı 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilib.
O vaxtdan etibarən ASB sammitləri hər altı aydan bir keçirilir.
Sammit Avropa İttifaqına üzv və üzv olmayan ölkələri bir araya gətirərək, ortaq problemlər və çağırışlar ətrafında əməkdaşlıq etməyə şərait yaradır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərara münasibət bildirib. O, Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq bir-birinin namizədliklərini dəstəklədiklərini vurğulayıb. Paşinyan bu qərarın iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini və regionda sabitliyin gücləndirilməsinə yönəlmiş bir addım olduğunu qeyd edib.