Layihədə “Gürcüstanda siyasi proseslərin pisləşməsi və gürcü xalqının maraqlarına zidd hərəkətlər səbəb göstərilir
Avropa Parlamentinin oktyabrın 9-da baxılacaq qətnamə layihəsində hakim “Gürcü Arzusu” Partiyasının qurucusu və oliqarx Bidzina İvanişviliyə sanksiya qoyulması tələb olunub. Sənəd Avropa Parlamentinin müxtəlif qrupları tərəfindən hazırlanıb.
Bildirilir ki, ümumilikdə 7 qətnamə hazırlanıb, lakin onlardan biri oktyabrın 10-da qəbul olunacaq. Qətnamələrin birində Bidzina İvanişviliyə qarşı sanksiyalara yer verilib.
Təşəbbüskarları Avropa Parlamentinin Polşadan olan deputatı Malqorzeta Qoşevska və latviyalı Riçard Kolsi olub. Layihədə “Gürcüstanda siyasi proseslərin pisləşməsi və gürcü xalqının maraqlarına zidd hərəkətlər” səbəbindən oliqarxa qarşı sanksiyaların tətbiqi tələb olunub.

Qətnamənin mətni həmçinin “Gürcü Arzusu” rəsmilərinə qarşı ABŞ-nin sanksiyalarının tətbiqini alqışlayır və Aİ-ni “xarici agentlər haqqında qanunun qəbulunda iştirak etmiş” şəxslərə, digər yüksək vəzifəli partiya üzvlərinə oxşar viza məhdudiyyətləri tətbiq etməyə çağırır.
Avropa Parlamentinin deputatları Bidzina İvanişvilinin “davam edən siyasi böhranın təşkilində və ölkənin qərbyönlü kursunun Rusiyanın xeyrinə sistematik şəkildə sabotaj edilməsində” şəxsi rolunu qəti şəkildə pisləyir.
Qətnamənin mətnində oktyabrın 26-da keçiriləcək seçkilərə də istinad edilir və qeyd edilir ki, seçkilər “Gürcüstanın onilliklər ərzində gələcəyini müəyyən edə biləcək dönüş nöqtəsi olacaq”.
Avropa Parlamentinin üzvləri Gürcüstan hakimiyyətini demokratik, ədalətli və azad seçkilərin keçirilməsini təmin etməyə çağırırlar. Bu da Gürcüstanın sadiq olduğu demokratik standartlara cavab verməlidir.