Avropa Parlamentinin Azərbaycan Milli Məclisinin qərarı ilə bağlı bəyanatı: “dialoq ruhuna ziddir”

Avropa Parlamenti. Pierre-Olivier/shutterstock

Avropa Parlamentinin bir neçə deputatı Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması qərarını tənqid edən birgə bəyanat yayıb.

Bəyanatı Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Devid MakAllister, Avronest Parlament Assambleyası üzrə nümayəndə heyətinin sədri Sergey Laqodinski, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri Nils Uşakovs və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Dan Barna imzalayıb.

Onlar Azərbaycan parlamentinin qərarına münasibət bildirərək bu addımı “əsassız” adlandırıblar. Avropa Parlamentinin nümayəndələri bu qərardan “təəssüf etdiklərini” bildiriblər və onu Avropa İttifaqı ilə dialoq prinsiplərinə zidd saydıqlarını vurğulayıblar:

“Biz bu qərardan təəssüflənirik və onu əsassız hesab edir, həmçinin dəyər verdiyimiz açıqlıq və konstruktiv dialoq ruhuna zidd olduğunu düşünürük”.

Bəyanatda həmçinin qərarın vaxtı da tənqid olunur. Deputatlar bildirirlər ki, bu addım Cənubi Qafqazda sülh prosesi ilə bağlı “mühüm irəliləyişlər” fonunda atılıb:

“Bu qərarın Cənubi Qafqazda sülh prosesində əldə edilən dönüş xarakterli irəliləyiş və regionun inkişafı üçün misilsiz perspektivlər fonunda qəbul edilməsi xüsusilə məyusedicidir; Avropa Parlamenti bu prosesi sarsılmaz şəkildə dəstəkləyir”.

Avropa Parlamentinin üzvləri bəyanatın sonunda dialoqa açıq olduqlarını da qeyd ediblər:

“Avropa Parlamenti bütün səviyyələrdə əlaqə qurmağa hazırdır. Fikirlər fərqli ola bilər, lakin bizim dərin inamımıza görə parlament əməkdaşlığı bu fərqliliklərin müzakirəsi və ümumi dəyərlərin və ortaq maraqların müdafiəsi üçün faydalı bir platforma təmin edir”.

Mayın 1-də Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan parlamentinin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakı dayandırılır. Həmçinin Milli Məclisin Avronest Parlament Assambleyasındakı üzvlüyünə xitam verilməsi proseduruna başlanılıb. Prosedur başa çatana qədər Azərbaycan nümayəndə heyəti Avronest-in tədbirlərində iştirak etməyəcək.

Həmin gün Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-in yaydığı məlumata görə, görüş zamanı aprelin 30-da Avropa Parlamentində qəbul edilmiş qətnaməyə etiraz bildirilib və Aİ tərəfinə rəsmi nota təqdim olunub.

Nazirlik bildirib ki, qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı yer alan müddəalar əsassız hesab olunur və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışında Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasını (AŞPA) tənqid edib. Onun sözlərinə görə, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə “onu sabotaj etməyə yönəlir”. İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, 2021-ci ilin mayından 2026-cı il 30 aprelədək Avropa Parlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib:

“Təsəvvür edin, beş il ərzində 14 qətnamə – bu, bir növ obsesiyadır”.

O, Avropa Parlamentini Azərbaycanı “hədəf almaqda” və “böhtan və yalanlar yaymaqda” ittiham edib.

Avropa Parlamentinin prezidenti Roberta Metsola isə həmin sammitdəki çıxışında Əliyevin tənqidlərinə cavab verib. O bildirdi ki, Avropa Parlamenti demokratik yolla seçilən qurumdur və onun qəbul etdiyi qətnamələr səs çoxluğu ilə formalaşır:

“Bu qərarlar kimlər üçünsə narahatlıq yarada bilər, amma biz iş prinsipimizi dəyişmirik”.

Avropa Parlamenti aprelin 30-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycanda həbsdə saxlanılan ermənilərin azadlığı və Qarabağ ermənilərinin hüquqları ilə bağlı çağırışlar yer alıb.

Ana səhifəSiyasətAvropa Parlamentinin Azərbaycan Milli Məclisinin qərarı ilə bağlı bəyanatı: “dialoq ruhuna ziddir”