Avropa Parlamentindən Azərbaycandakı siyasi məhbuslarla bağlı çağırış

Avropa Parlamenti. Foto: shutterstockHadrian

“Azərbaycanda jurnalistlər və fəallar üçün vəziyyət fəlakətlidir”

Avropa Parlamentinin Sosial Demokratlar və Yaşıllar qrupları Bakıda keçiriləcək COP29 iqlim sammiti ərəfəsində Azərbaycanda bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasına çağırış ediblər.

Sosial Demokratlar “X” sosial şəbəkəsində yayımladıqları açıqlamada bildiriblər ki, Azərbaycanda noyabrda keçirilməsi planlaşdırılan konfransdan öncə pisləşən insan haqlarının vəziyyəti həll edilməlidir.

“Biz Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu və digər bütün siyasi məhbusları dərhal azad etməyə çağırırıq”, – deyə qrup bəyan edib.

Onlar vurğulayıblar ki, Avropa İttifaqı ilə Azərbaycan arasında istənilən razılaşma insan hüquqlarına hörmət və Ermənistanla sülh prosesi üzrə irəliləyişdən asılı olmalıdır.

Açıqlamada həmçinin bu şərtlər təmin olunana qədər Avropa İttifaqının Azərbaycanla qaz razılaşmasını dayandırmağa çağırılıb.

Yaşıllar qrupu da İbadoğlunun azadlığa buraxılmasını tələb edən açıqlama yayıb.

Bildirilir ki, İbadoğlu Azərbaycanın dövlət neft və qaz sənayesinin əsas tənqidçisi və tanınmış iqtisadçıdır. O, hazırda ev həbsində saxlanılır.

Qrup onu fikir azadlığı üzrə “Saxarov” mükafatına namizəd göstərib.

Avropa Parlamentinin üzvü və Azərbaycan üzrə kölgə məruzəçisi Sergey Lagodinski Azərbaycan hökumətini fosil yanacaq gəlirlərindən asılılıqda və müxalifətə qarşı təzyiqlərdə ittiham edib.

O həmçinin BMT iqlim konfransı öncəsi vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə diqqət çəkib:

“Azərbaycanda müxalifət fəalları, jurnalistlər və insan haqları müdafiəçiləri üçün vəziyyət fəlakətlidir”.

Yaşıllar qrupunun digər üzvü, Avropa Parlamentinin deputatı Markéta Qreqorova da bu çağırışları dəstəkləyib.

O da COP29-da iştirak edəcək Aİ nümayəndə heyətini Azərbaycanın insan haqları vəziyyətini qınamağa çağırıb:

“Biz Bakıda keçiriləcək COP29 konfransı öncəsi Azərbaycan müxalifətinin mübarizəsini tanımalı və dəstəkləməliyik”.

Bildirilir ki, qətnamə üzrə səsvermə cümə axşamı, 24 oktyabr tarixində keçiriləcək.

2024-cü il “Saxarov” mükafatının verilməsi ilə bağlı qərar həmin gün plenar iclasda elan olunacaq.

Ana səhifəTövsiyəAvropa Parlamentindən Azərbaycandakı siyasi məhbuslarla bağlı çağırış