Avropa Parlamenti Rusiyanı “terrorizmin sponsoru” adlandırdı

Avropa Parlamenti. Pierre-Olivier/shutterstock

575 deputat qətnaməni dəstəkləyib

Avropa Parlamenti Rusiyanı “terrorizmin sponsoru dövlət” kimi tanıyıb.

Bu barədə qətnamə noyabrın 23-də Strasburqda parlamentin iclasında qəbul edilib.

575 deputat qətnaməni dəstəkləyib, 58-i əleyhinə, 24  nəfər isə bitərəf qalıb.

Avropa Parlamenti bildirib ki, işğal olunmuş ərazilərdə edamlar, adam oğurluğu, cinsi zorakılıq, işgəncə və digər vəhşiliklər həyata keçirilir.

Sənəddə Buça, İrpen, İzyum və Limanda baş verən qırğınlar xatırlanır, Mariupol teatrına və Kramatorsk dəmiryol vağzalına edilən hücumlardan bəhs edilir.

Layihə müəllifləri həmçinin qeyd ediblər ki, Rusiya BMT Nizamnaməsinin prinsiplərini pozur, Mariupolda humanitar böhrana səbəb olur və şəhərin 95%-ni dağıdıb, ukraynalıların qaz, işıq, su və internetə, eləcə də əsas sosial şəbəkələrə çıxışını əngəlləyir.

Avropa Parlamenti Rusiya ilə diplomatik əlaqələrin daha da azaldılmasına və onun bütün səviyyələrdə rəsmi nümayəndələri ilə təmasların mütləq zəruri minimuma endirilməsinə çağırır.

Həmçinin Rusiyanın Ukraynanın mülki infrastrukturuna zərbələrinin artmasını nəzərə alaraq, Avropa Parlamenti Aİ-ni Rusiyaya qarşı 9-cu sanksiyalar paketi üzərində işi sürətləndirməyə çağırıb.

“Euronews” yazır ki, Avropa Parlamentinin qanunvericiliklə müəyyən edilmiş mövqeyi əsasən simvolik bir addımdır, çünki qurumun terrorçu kimi tanınan dövlətə qarşı növbəti addımlar üçün hüquqi əsası yoxdur.

2022-ci ilin fevralın sonundan bəri Çexiya, Estoniya, Latviya, Litva, Polşa və Ukrayna Rusiya barəsində oxşar qətnamələr qəbul edib.

Bu statusu AŞPA və NATO da təsdiqləyib.

Oxşar qətnamə sentyabrın 14-də ABŞ Konqresinə təqdim edilib, lakin konqresmenlər tərəfindən hələlik təsdiqlənməyib.

Ana səhifəDünyaAvropa Parlamenti Rusiyanı “terrorizmin sponsoru” adlandırdı