Avropa Komissiyasından Azərbaycanla qaz sazişini dayandırmaq da tələb olunur
Avropa Parlamanti üç yüksək rütbəli azərbaycanlı məmura sanksiya tələbi ilə qətnamə hazırlayıb.
Bunlar Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, İlham Əliyevin köməkçisi Fuad Ələsgərov, daxili işlər naziri Vilayət Eyvazov və dövlət təhlükəsizlik xidmətinin rəhbəri Əli Nağıyevdir.
“Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar, həmçinin Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV-nin işlərinə dair” Qətnamə sabah səsverməyə çıxarılacaq.
Avropa Parlamenti yaydığı sənəddə qeyd edir ki, hər üç yüksək vəzifəli şəxs Azərbaycanda siyasi həbslərin və repressiyaların əsas təşkilatçısı və iştirakçısıdır.
Parlament Azərbaycan tərəfindən ratifikasiya olunmuş İnsan Hüquqları üzrə Avropa Konvensiyasına əsaslanaraq ölkədə baş verən siyasi təzyiqlər və insan hüquqları ilə bağlı çağırış ediblər.
Bildirilir ki, 2023-cü ildən etibarən Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, siyasi müxalifətə, hüquq müdafiəçilərinə, LGBTİ+ icmasına və müstəqil mediaya qarşı sistemli repressiyalarla məşğuldur:
“Azərbaycanda 300-dən çox siyasi məhbus, o cümlədən keçmiş özünü elan etmiş Dağlıq Qarabağ respublikasının rəhbərləri də daxil olmaqla 23 erməni hərbi əsir var”.
Qətnamədə bildirilir ki, siyasi məhbus, 2024-cü il Saxarov mükafatının finalçısı Qubad İbadoğlu hələ də ev dustaqlığında saxlanılır:
“Avropa İnsan Hüquqları Məhkəməsi onun səhhətinin kritik olduğunu, xəstəxanaya yerləşdirilməsini və təcili ürək əməliyyatının aparılmasını tələb etdiyi halda ona təzyiqlərə son verilmir”.
Avropa Parlamenti bildirir ki, vətəndaş cəmiyyətinin lideri Anar Məmmədlinin 2024-cü ilin aprelindən saxta ittihamlarla saxlanılıb, səhhəti ilə bağlı təcridxanada ona tibbi yardım göstərilməyib.
Parlament son günlər həyata keçirilən həbslərə də xüsusi toxunub:
“2024-cü il dekabrın əvvəlində Azərbaycan hakimiyyəti MeydanTV-nin jurnalistləri – Aynur Qənbərova, Aytac Əhmədova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Aysel Umudova, jurnalistlər Ramin Cəbrayılzadə, Əhməd Muxtar, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov, siyasi lider Azər Qasımlı və hüquq müdafiəçisi Rüfət Səfərov həbs edilib”.
Bildirilir ki, bütün bu həbslər əsassız, ittihamlar siyasi motivlidir.
“Ətraf mühit fəalı Kamran Məmmədli isə COP29-da mühafizəçilər tərəfindən hücuma məruz qalıb və ona səfər etmək qadağan edilib. Məhbusların hüquqlar pozulub, onlad qeyri-insani şəraitdə saxlanılıb, işgəncələr verilib, həmçinin qadın siyasi məhbuslara, o cümlədən Nərgiz Absalamovaya xüsusi təzyiqlər edilib”, – deyə sənəddə bildirilir.
Qətnamədə aşağıdakı tələb və müddəalar yer alıb:
1. Azərbaycan rejimi tərəfindən insan hüquqlarının, o cümlədən ifadə, birləşmək və dinc toplaşmaq azadlıqlarının davamlı şəkildə pozulmasını və cinayət mühakiməsi sistemindən siyasi motivli sui-istifadə edilməsini qəti şəkildə pisləyirik;
2. Azərbaycan hakimiyyətini bütün dissident qruplara qarşı repressiyaları dərhal dayandırmağa və qondarma, siyasi motivli ittihamlarla təqib edilən hüquq müdafiəçiləri, jurnalistlər, siyasi və digər fəallara qarşı bütün ittihamları qeyd-şərtsiz azad etməyə və ləğv etməyə çağırırıq;
3. Hakimiyyət orqanlarından İbadoğluya qarşı səfər qadağasını dərhal aradan qaldırmağı, ona qarşı irəli sürülən bütün ittihamları qeyd-şərtsiz ləğv etməyi və xaricdə təcili müalicə almasına icazə verməyi tələb edir; İbadoğlunun Saxarov mükafatının təqdimetmə mərasimində iştirakına və ya uzaqdan əlaqə saxlamasına icazə verilməməsindən təəssüflənirik;
Azərbaycanı qeyri-hökumət qruplarının və medianın qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlarını Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmaqla müstəqil mediaya qoyulan yersiz məhdudiyyətləri aradan qaldırmağa çağırır, hakimiyyətdən Meydan TV, Toplum TV, Abzas Media və Kanal13-ə qarşı repressiyalara son qoyulmasını tələb edirik;
5. Aİ-nin qlobal insan haqları sanksiya rejiminə uyğun olaraq, Fuad Ələsgərov, Vilayət Eyvazov və Əli Nağıyev də daxil olmaqla, ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırırıq;
6. Təkrar edirik ki, Aİ-Azərbaycan tərəfdaşlıq sazişi, o cümlədən enerji sahəsində – əsas hüquqlara hörmət və bütün siyasi məhbusların azad edilməsi şərti olmalıdır; Komissiyanı enerji sahəsində Strateji Tərəfdaşlığa dair 2022-ci il Anlaşma Memorandumunu dayandırmağa çağırırıq.
Qubad İbadoğlunun həbsi
İqtisadçı Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Qubad İbadoğlu ittihamları saxta adlandırıb. 2024-cü il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Qubad İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.
“AbzasMedia” işi…
Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
2024-cü il mayın 31-də isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb.
İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
“Toplum TV işi”
2024-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında Ələsgər Məmmədli, “Toplum TV”-nin video-redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyətinin üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Rüfət Səfərovun həbsi
Hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221. 1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Dekabrın 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Meydan TV işi”
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.
Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.
Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.
2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.
Meydan TV zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkə hesabları bir neçə dəfə kiberhücuma məruz qalıb.
Azər Qasımlının həbsi
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Dekabrın 9-da Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Azər Qasımlının istintaq dövründə həbsdə saxlanması üçün müstəntiqin vəsatətinə və prokurorun təqdimatına baxılıb.
Müstəntiq vəsatətini əsaslandırarkən bildirib ki, Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham edilir.
Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkil bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Belə olan halda, Azər Qasımlının ondan hədə-qorxu ilə pul tələb etməsi haqda iddianın absurdluğu ortaya çıxır.
Azər Qasımlı həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır.
Hakim Orxan Məmmədli Azər Qasımlı haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib.