Gündəlikdə iki qrup işi var: “Xədicə İsmayılova” və “Anar Məmmədli qrupu”
Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) iyunun 8-də Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icra durumunun müzakirəsinə başlayıb.
Azərbaycanla bağlı müzakirə ediləcək qərarlar
Hüquqşünas Xalid Ağəli deyir ki, gündəlikdə iki qrup işi var: “Xədicə İsmayılova” və “Anar Məmmədli qrupu”.
Onun sözlərinə görə, həmin qruplarda Azərbaycanla bağlı 8 qərarın icrası nəzarət altındadır:
“Müzakirələrdən əvvəl Azərbaycan hökuməti qərarların icra durumu ilə bağlı təqdimat göndərib. Təqdimatda təzminatların ödənilməsi də daxil olmaqla müxtəlif aspektlərə toxunulub. Ən diqqətçəkənlərdən biri “Media haqqında” Qanunla bağlıdır”.
“Media haqqında” Qanunun müzakirəsi
Hüquqşünas qeyd edir ki, hökumət nümayəndələri daim açıqlamalarında yeni “Media haqqında” Qanunun medianın müstəqilliyinin qorunmasına xidmət etdiyini bildirir:
“Deyirlər ki, qanunun məqsədi yerli KİV-in inkişafını stimullaşdırmaq və informasiya mühitinin rəqabət qabiliyyətini artırmaqdan ibarətdir”.
“Qanuna daxil edilmiş mütərəqqi müddəalar sayəsində ölkə mətbuatında şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin əsaslarının təmin edilməsi, ictimaiyyətlə media arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi nəzərdə tutulur. Əslində isə müstəqil media və jurnalistlərin işinə əngəl törətməkdən ibarətdir”, – deyə o bildirib.
Hansı ölkələrlə bağlı vəziyyət müzakirə ediləcək?
Bu gün AŞ NK-da icra durumu müzakirə ediləcək qərarlar Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Moldova, Hollandiya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Slovakiya və Türkiyə ilə bağlıdır.
3 gün davam edəcək toplantının yekununda AŞ NK müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək.
“Xədicə İsmayılova qrupu“
“Xədicə İsmayılova qrupu” çərçivəsində AİHM-in jurnalistin şikayətləri üzrə qəbul etdiyi 2 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır.
Toplantıdan əvvəl Azərbaycan hökuməti qərarların icra durumu ilə bağlı təqdimatında AŞ NK-ya bildirib ki, ərizəçiyə qarşı cinayətə yol verənlərin mühakimə edilməsi məqsədilə hökumət zəruri tədbirləri görüb. Belə ki, Baş Prokurorluq Xədicə İsmayılovanın şikayəti əsasında 2012-ci il martın 15-də Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət işi başladıb, şəxsi görüntüləri yayanların müəyyən olunması məqsədilə mümkün olan addımlar atıb.
Çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin şəxsləri müəyyənləşdirmək mümkün olmadığından, 2015-ci il avqusrun 17-də cinayət işi üzrə icraat dayandırılıb.
Hökumət həmçinin ərizəçiyə qərarlarda müəyyən edilmiş təzminat məbləğlərinin faizləri də hesablanmaqla ödənildiyini bildirib.
Qrupa daxil olan qərarlarda üzə çıxarılan ümumi problemlərin həlli ilə bağlı hökumət qeyd edir ki, jurnalistlərin şəxsi və ailə həyatlarının müdafiəsi və onların ifadə azadlığı hüquqlarını sərbəst həyata keçirə bilmələri məqsədilə zəruri addımlar atılıb.
Araşdırmaçı jurnalist Xədicə İsmayılova bu barədə yazdığı “Facebook” postunda bildirir ki, hökumət nəinki qərarların ümumi hissəsi üzrə heç bir addım atmır, üstəlik, vəziyyəti daha da pisləşdirib.
“ Bizim şəxsi həyatımıza “Pegasus”la müdaxilə olunub, fiziki izləmə olub, evimə gəlib gedən adamlar bəzən DTX-ya çağırılıb, onlara çuğulluq təklif olunub. Məndən sonra başqa adamları da video-şantaj ediblər, onların da işi üzrə araşdırma aparılmayıb, müxaliflərin telefonu dinlənilib və s.
Hökumət NK-ya müraciətində bildirib ki, media haqda qanun qəbul edib, həyatımızı yüngülləşdiriblər. Mən də izah eləmişəm ki, yox, bu, ən mürtəce qanunlardan biridir. Səbəbini də bildirmişəm”.
Jurnalistin tələbi tam bəraət almaqdır. Ona qarşı olan cinayətlərin araşdırılmasını, günahkarların cəzasını çəkməsini istəyir:
“Bakı Şəhər Prokurorluğunda işimi aparan müstəntiq indi Baş Prokurorluqda istintaqa nəzarət idarəsində baş inspektor vəzifəsinə yüksəlib. Təsəvvür edirsiniz, haqqında istintaqı saxtalaşdırdığı barədə məhkəmə qərarı olan adam indi istintaqlara nəzarət edir. Bir çox məhkəmə işində, o cümlədən prokurorluğu təmsil etmiş Ramazan Hadıyev indi Beyləqan rayon prokurorudur. Yazıq beyləqanlılar”.
Xədicə İsmayıl bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İdarəsində çalışan Sənan Paşayev də işində yüksəlib. Hazırda böyük müstəntiqdir və bu siyahını uzatmaq olar:
“Sənan Paşayevin məni prokurorluğa çağırıb, bizə münasibətiniz dəyişibsə, bəraət təşəbbüsü qaldıra bilərik təklifini də yazdım AŞ-na məktubumda. Münasibətimin dəyişməsini mən də istəyirəm. Kim istər ki, öz ölkəsində dövlət strukturlarından belə bədgüman olsun. Amma düzəlsinlər ki, biz də bədgüman olmayaq”.
“Media haqqında” Qanun hökumətin təqdimatında
Hökumətin təqdimatında “Media haqqında” Qanunun qəbul edilməsindən bəhs edilir. Bu qanunun jurnalist azadlığından yararlanmaq üçün geniş imkanlar açdığı ifadə edilir.
Hökumət təqdimatında yazır: ““Media haqqında” Qanun dövlətin söz və mətbuat azadlığı sahəsində yeni hədəflərinin müəyyənləşdirilməsinə, onun iqtisadi bazasının, kadr potensialının və peşəkarlığının artırılmasına, medianın müstəqilliyinin qorunmasına xidmət edir. Qanunun məqsədi daxili informasiya məkanının təhlükəsizliyini təmin etmək və ictimaiyyətə obyektiv və peşəkar şəkildə xidmət etmək üçün medianın fəaliyyətini stimullaşdırmaqla yerli KİV-in inkişafını stimullaşdırmaq və informasiya mühitinin rəqabət qabiliyyətini artırmaqdan ibarətdir. Qanuna daxil edilmiş mütərəqqi müddəalar sayəsində ölkə mətbuatında şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin əsaslarının təmin edilməsi, ictimaiyyətlə media arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi nəzərdə tutulur…”.
“Anar Məmmədli qrupu”
AŞ NK-nın müzakirə edəcəyi Məmmədli işi qrupunda isə AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir.
Anar Məmmədli, İntiqam Əliyev, Əzizov və Novruzlu, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunusların şikayətləri üzrə çıxarılan həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
Hökumət bu qrup işinin icra durumu ilə bağlı təqdimatında qeyd edir ki, “Məmmədli qrupu”na daxil olan qərarlar Azərbaycan Ali Məhkəməsinin nəzarəti altındadır.
Ali Məhkəmənin Plenumunun həmin qərarlara nə vaxt baxacağı hələ bəlli deyil. Hökumət həmçinin “İbrahimov və Məmmədov Azərbaycana qarşı” işi üzrə ərizəçilər istisna olmaqla, bütün ərizəçilərin məhkumluğunun artıq götürüldüyünü və yerdə qalan ərizəçilərlə bağlı məhkum edilmələrinin heç bir mənfi hüquqi nəticəsinin qalmadığını vurğulayıb.
Təqdimata görə, bütün ərizəçilərə təzminatlar ödənilib.
Avropa Şurası Nazirlər Komitəsinin 1436-ci toplantısı 3 gün davam edəcək.
Yekunun Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək.
AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.
Azərbaycan hökumətinin hələ də mediaya nəzarət etdiyi bildirilir. Bu, müstəqil mediaya təzyiq, digərlərilə yaxşı münasibət qurmaq şəklində özünü göstərir.
Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının aprelin 27-də yaydığı “Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlı hesabatında belə deyilir.
Hesabatda bildirilir ki, nəticədə hökumətin yanında olan media sistemi formalaşır. Həmin media qurumlar hökumətin ideya və informasiyasını yayır.
Yerdə qalan müxalif və müstəqil media isə sıradan çıxarılır.
Azərbaycan rəsmiləri isə daim açıqlamalarında ölkədə medianın müstəqil olduğunu bildirir. Beynəlxalq media və insan haqları təşkilatları isə daim hesabat və açıqlamalarında əksini söyləyir.
Üstəlik, bu ilin əvvəlində qüvvəyə minmiş yeni “Media haqqında” Qanunun sırf müstəqil media və jurnalistlərin işlərinə əngəl törətmək məqsədi daşıdığını deyirlər.