Əsabəli Mustafayev: “Hüquq müstəvisində çalışanların onları tanımamasının özü həmin hakimlərin geri qaytarılmasına bir əsas idi”
AŞPA Komitəsində Avropa Məhkəməsinə Azərbaycandan hakimliyə yeni namizədlər məsələsinə baxılıb və namizədliyi irəli sürülən hakimlər kvalifikasiyalı hesab edilməyib.
Bu barədə məlumatı öz Facebook səhifəsində hüquqşünas Xalid Bağırov yazıb. Onun sözlırinə görə, Azərbaycan üç nəfərin namizədliyini irəli sürüb: Avropa Məhkəməsində Azərbaycan hökümətinin nümayəndəsi Çingiz Əsgərovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanın və 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışovanın.
“Komitə bu şəxsləri kifayət qədər yaxşı kvalifikasiyalı hesab etməyib (as none of the candidates are sufficiently well-qualified), siyahını geri çevirib. Hakimləri bir kənara qoyuram, cənab Çingiz Əsgərov höküməti illərdir Avropa Məhkəməsində təmsil edir. Əgər o da kvalifikasiyalı deyilsə, işimiz allaha qalıb”- deyə, Xalid Bağırov şərh verib.
Meydan TV-yə olayı şərh edən hüquqşünas Əsabəli Mustafayev adları çəkilən hakimləri yaxından tanımadığından geniş danışmaqda çətinlik çəkdiyini deyib: “Hüquq müstəvisində çalışanların onları tanımamasının özü həmin hakimlərin geri qaytarılmasına bir əsas idi. Əslində, Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunan insanlar öz ölkəsində həm nəzəriyyəçi, həm də praktik işlə məşğul olan biri kimi müsbət cəhətdən tanınmalıdır. Görünür, Avropa Məhkəməsi Azərbaycanda ictimai rəyi öyrənib və onlar haqqında elə bir məlumat əldə edə bilməyib. İkincisi, hökumət Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəliyinin rəhbəri Çingiz Əsgərova daha çox dəstək verirdi. Şəxsən mən onun bəzi müsahibələrini oxumuşam və dediklərində hüquqi müstəvidən çox siyasi yanaşmalar görmüşəm. Güman ki, Avropa Məhkəməsinin bu məsələlərdən xəbəri olub”.
Ə.Mustafayev hüquq ictimaiyyətinin də Avropa Məhkəməsinə nümayəndə təqdim etməsinin mümkün olduğunu bildirib: “Bu nümunə Avropa ölkələrində geniş yayılıb. Təəssüf ki, mən həmin posta layiq olan şəxs haqqında zəmanət verə bilmərəm, yəni elə bir adam tanımıram. Məhkəmə sisteminin ən nöqsanlı tərəfi odur ki, hakim korpusunda işləyənlərdən kiminsə haqqında müsbət rəy almaq mümkün deyil. Bu mənada hökumət üçün kimisə ordan keçirmək çox çətin olacaq”.