Hökumət “Səs” qəzetinin yaydığı məqalələrə görə kompensasiya ödəyəcək
Avropa İnsan Hüquqları Məhkəməsi mayın 7-də Azərbaycanla bağlı növbəti
qərar
ını elan edib.
Qərar araşdırmaçı jurnalist Xədicə İsmayılın 2014-cü ildə göndərdiyi şikayəti ilə bağlıdır (№3, Ərizə №35283/14). Məhkəmə hökumətyönlü “Səs” qəzetinin yaydığı məqalələrə görə dövləti cərimələyib.
Bu məhkəmə işi Xədicə İsmayılın jurnalistika fəaliyyətinə iddia edilən hədə-qorxu kampaniyası ilə bağlıydı. 2012-ci ildə “Səs” qəzeti jurnalist barəsində aşağılayıcı məqalələr yaymışdı. Yerli məhkəmələr həmin məqalələrdən verilən şikayətləri ədalətli araşdırmamışdılar. AİHM-ə şikayətdə jurnalistin şəxsi həyata hörmət, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququna müdaxilə olunduğu iddia edilirdi.
Avropa Məhkəməsi 6 və 8-ci maddə üzrə şikayətləri qəbuledilən sayıb. Hesab edib ki, Xədicə İsmayılın şəxsi həyata hörmət hüququna müdaxilə olunub. Hökumət buna görə 6 min avro təzminat ödəməlidir.
Xədicə İsmayıl qərarla bağlı bölüşdüyü təəssüratlarında vəkillərinə təşəkkür edib. Bildirib ki, bu, onun AİHM-də udduğu növbəti işdir:
“Qərarda şəxsi həyata hörmət hüququma müdaxilə olunduğu təsdiqlənib. Ancaq onu da deyim ki, dövlət bundan əvvəl qazandığım 2 məhkəmə qərarını icra etməyib”.
Daha öncə, fevralın 27-də AİHM jurnalistin həbsi və mühakiməsini Avropa İnsan Haqları Konvensiyasının pozulması kimi qiymətləndirmişdi.
Şikayət Xədicə İsmayılın 2014-cü ildə həbs edilməsi, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunması və 7 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı olub. AİHM qərarına görə, sözügedən işdə jurnalistin Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq), 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə qorunan hüquqları pozulub. Jurnalistə bu pozuntulara görə ümumilikdə 25 min avro təzminat ödənilməlidir.
2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.
Ali Məhkəmə 2016-cı il mayın 25-də bu qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.
Sonradan bu müddət 2 il 3 aya salınıb.
Xədicə İsmayıl ittihamları qəbul etmirdi və araşdırma yazılarına görə əsassız həbs edildiyini bildirirdi.