Ən çox tanınan pozuntu azadlıq və toxunulmazlıq hüququ olub
Avropa İnsan Haqları Məhkəməsi 2019-cu ildəki fəaliyyəti ilə bağlı statistik bilgilərini açıqlayıb.
Həmin məlumatlarda Azərbaycanla bağlı məqamlar da yer alıb.
Sənəddə bildirilir ki, AİHM ötən il Azərbaycanla bağlı 21, 2018-ci ildə isə 9 qərar qəbul edib.
2019-cu ildə qəbul edilən 21 qərarda 38 dəfə Konvensiya ilə təminat altına alınan hüquqların pozuntusu tanınıb. 2018-ci ildə belə pozuntuların sayı 22 olub.
Pozuntusu ən çox tanınan hüquq
2019-cu ildə Azərbaycanla bağlı ən çox tanınan pozuntu azadlıq və toxunulmazlıq hüququ olub – ötən il 7 dəfə. İkinci yerdə ədalətli məhkəmə araşdırması hüququ gəlir – 5 dəfə pozulub. Növbəti yerdə isə birləşmək azadlığı gəlir. AİHM bu hüququn pozuntusunu 4 dəfə tanıyıb.
Ən çox qərar hansı ölkələrə qarşı çıxarılıb?
Avropa Məhkəməsi 2019-cu ildə ən çox qərarı Rusiyaya qarşı qəbul edib – 198 qərar. Türkiyə 113 qərarla ikincidir. 3-cü pillədə 109 qərarla Ukrayna gəlir. Rumıniyaya qarşı 62, Moldovaya qarşı 54, Macarıstana qarşı 40, Yunanıstan və Serbiyaya qarşı 24 qərar qəbul edilib. Azərbaycan 21 qərarla bu sıralamada Avropa 7-cisidir.
Ermənistanla Azərbaycan hüquq pozuntularının sayında da qonşudur – 20 qərar
AİHM ötən il İsveç, Luksemburq, Monako, Lixtenşteyn, Çexiya Respublikası, Andorra kimi ölkələri ümumiyyətlə, yada salmayıb. Onlara qarşı qərar qəbul edilməyib.
Azərbaycanla bağlı ən çox hansı hüquqların pozuntusu tanınır?
AİHM-in ötən il qəbul etdiyi 21 qərarla indiyə qədər Azərbaycanla bağlı qəbul etdiyi qərarların sayı 178-yə çatıb.
Hüquqşünas Xalid Ağəliyev deyir ki, sənəddə də göstərilir, həmin qərarlara görə, ən çox pozulan hüquqlar sırasında ədalətli məhkəmə araşdırması hüququ gəlir:
“AİHM indiyə kimi Azərbaycanla bağlı işlərdə 66 dəfə bu hüququn pozuntusunu tanıyıb. Sonrakı pillədə azadlıq və toxunulmazlıq hüququ gəlir – 61 dəfə”.
Hüquqşünas deyir ki, Azərbaycanın AİHM tarixçəsinın yaşı 20 ilə çatmır. Ancaq Azərbaycan ədalətli məhkəmə araşdırması hüququnu 1959-cu ildən bəri ən çox pozmuş 12 AİHM ölkəsindən biri olmağı bacarıb.
Ən çox hansı ölkələr şikayət edir?
2019-cu ildə Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayında xeyli artım olub. Azərbaycandan AİHM-ə 2016-cı ildə 331, 2017-ci ildə 679, 2018-ci ildə 313, 2019-cu ildə isə 397 şikayət göndərilib. 2018-ci ildə hər 10 min nəfərə 0,32 şikayət düşürdüsə, 2019-cu ildə hər 10 min vətəndaşa düşən şikayətin sayı nisbətən artıb – 0, 40 şikayət.
Xalid Ağəliyev deyir ki, açıqlanan məlumatlardan da aydın olur ki, Azərbaycan AİHM-ə ən çox şikayət göndərən ölkələr sıralamasında sonuncu yerdə gəlir:
“Azərbaycanda hər 10 min vətəndaş AİHM-ə orta hesabla 0.40 şikayət göndərir. Bu göstərici AİHM məkanına daxil olan ölkələrin göstəriciləri ilə müqayisədə yaxşı göstərici kimi görünür”.
Hər 10 min vətəndaşa Andorrada 0,79, Ermənistanda 0,50, Bosniyada 5, Boqarıstanda 1, Xorvatiyada 2, Kiprdə 0,50, Estoniyada 1, Macarıstanda 0,97, İslandiyada 1.12, Latviyada 1.21, Lixtenşteyndə 1.58, Litvada 1.42, Maltada 0.71, Moldovada 1.79, Monakoda 2.11, Montenqeroda 6.86, Makedoniyada 1.26, Polşada 0.48, Rumıniyada 1.37, Rusiyada 0.89, San Marinoda 2.86, Serbiyada 3.10, Slovakiyada 0.55, Slovaniyada 1, Türkiyədə 0.89, Ukraynada 0.88 şikayət düşür. Azərbaycan bu sıralamada 27-cidir.
Qəbuledilməz sayılan, rədd olunan şikayətlərin sayında ciddi artım
AİHM-in qəbuledilməz saydığı və ya rədd etdiyi (Azərbaycandan göndərilən) şikayətlərin sayında da ciddi artım var. Azərbaycandan göndərilən belə şikayətlər 2017-ci ildə 210 olub. 2018-ci ildə bu rəqəm 261, 2019-cu ildə isə 427 olub.
Ən çox hansı ölkədən göndərilən şikayət baxılmasını gözləyir?
AİHM-də baxılmasını gözləyən şikayətlərə gəlincə, Xalid Ağəliyev deyir ki, Azərbaycan AİHM məkanında 6 ölkədən biridir. İlk pillədə Rusiyadır – 15050 şikayət. Türkiyədən 9250, Ukraynadan 8850, Rumıniyadan 7900, İtaliyadan 3050 şikayət baxılmasını gözləyir:
“6-cı pillədə duran Azərbaycandan göndərilən 1959 şikayət baxılmasını gözləyir. 2018-ci ildə gözləyən şikayətlərin sayı 2 mindən çox idi. Ermənistan burda da qonşumuzdur. Onlarda isə 1650 şikayət baxılmasını gözləyir”.