“Par və Hyodo Azərbaycana qarşı”: birinci ərizəçiyə 210, ikinciyə 127 min avro təzminat ödənilməlidir
Noyabrın 18-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti qərarlarını elan edib.
“Səyyarə Əhmədova Azərbaycana qarşı” işdə ərizəçi Səyyarə Əhmədovanın şikayəti evinin kompensasiya ödənmədən sökülməsi, qızı ilə birgə evdən çıxarılması ilə bağlı olub.
Ərizəçi AİHM-ə bildirib ki, 2007-ci ildə Bakının Səbail rayonunda ev satın alıb.
3 il sonra yerli məhkəmələr neft hasilatı üçün ayrılmış dövlət torpaq sahəsində icazəsiz tikilməsi əsası ilə Dövlət Neft Şirkətinin evin sökülməsini və ərizəçinin evdən çıxarılmasını tələb edən iddiasını təmin edib.
Şikayət edilən zaman qərarlar icra edilməyib.
Ərizəçi AİHM qarşısında mülkiyyət və şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyini iddia edib.
Avropa Məhkəməsi bu işdə hesab edib ki, əgər ərizəçinin evindən çıxarılması və evin sökülməsi baş verərsə, bu halda onun Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqları pozulmuş hesab ediləcək.
Məhkəmə həmçinin pozuntunun müəyyən edilməsinin, özlüyündə ərizəçiyə dəymiş mənəvi zərərə ədalətli kompensasiya təşkil etdiyini vurğulayıb.
“Par və Hyodo Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi hesab edib ki, ərizəçilərə münasibətdə mülkiyyət hüququnun pozuntusu baş verib.
Qərara əsasən, hökumət birinci ərizəçiyə 210 min avro, ikinci ərizəçiyə isə 127 min avro maddi zərərə görə təzminat ödəməlidir.
Bu işdə ərizəçilər İstanbulda yaşayan Türkiyə vətəndaşı Serpil Par və Yokohamada (Yaponiya) yaşayan Yaponiya vətəndaşı Katsunori Hyodo idi.
Onların şikayəti 2010 və 2011-ci illərdə Bakı Beynəlxalq Hava Limanından keçərkən, gömrük orqanları tərəfindən saxlanılmaları, bəyan edilməmiş pul məbləğinin götürülməsi ilə bağlı olub.
Hər iki ərizəçiyə hadisələrin baş verdiyi zaman qaçaqmalçılıq ittihamı ilə cinayət işi qaldırılıb.
Həmin cinayət işinə ərizəçilər bəyan edilməyən pulun müsadirəsinə razılıq verdikdən sonra xitam verilib.
Qısa müddət sonra ölkəni tərk edən ərizəçilər sonra pullarının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediblər, lakin bunun nəticəsi olmayıb.
Onlara məxsus pul məbləğinin qanunsuz, təzyiq altında müsadirə edildiyini iddia edən ərizəçilər, mülkiyyət hüquqularına müdaxilənin baş verdiyini iddia ediblər.