Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 43 ərizəni araşdırır

Ərizəçilərin əksəriyyəti Nardaran hadisələrində həbs edilənlərdəndir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrda Azərbaycandan göndərilmiş 43 ərizəni araşdırmağa başlayıb. Ərizəçilərin əksəriyyəti 2015-ci ilin noyabrında Nardaran qəsəbəsində baş vermiş hadisələrdə saxlanan, həbs edilən, məsuliyyətə cəlb edilən şəxslərdir.


Məhkəmə bütün ərizələri birləşdirib, onları hökumətlə 4 iş çərçivəsində kommunikasiya edəcək. “Ağayev və başqaları Azərbaycana qarşı” işdə 9 ərizəçinin, “Qasımov və başqaları Azərbaycana qarşı” işdə 10 ərizəçinin şikayətləri araşdırılır.


Taleh Bağırov və başqlarının işində ümumilikdə 19 ərizəçinin şikayətləri kommunikasiya edilməyə başlayıb. Elxan İsgəndərov və Əbülfəz Bünyatovun şikayətləri isə birlikdə araşdırılır.


Ərizəçilər onlara münasibətdə Konvensiyanın 6-cı, 8-ci, 9-cu, 10-cu, 11-ci və 18-ci maddəsinin pozuntusunun baş verdiyini iddia edib. Ərizəçiləri AİHM qarşısında 13 yerli və əcnəbi hüquqçu və vəkillər təmsil edir.

AİHM-in oktyabrda araşdırmağa başladığı digər iş isə Vəkillər Kollegiyasından xaric edilən vəkil Yalçın İmanovun şikayəti ilə bağlıdır. İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış vəkil kimi tanınan Yalçın İmanov müvəkkillərindən birinin həbsxanada pis rəftara məruz qalması haqda mətbuata verdiyi açıqlamasından sonra vəkillikdən xaric edilib. O, mətbuata verdiyi açıqlamalara görə vəkillikdən uzaqlaşdırlmasını Konvensiya ilə təminat altına alınan şəxsi həyata hörmət və ifadə azadlığı hüququna müdaxilə sayır.


“Zöhrə Hacıyeva və Fatma Əsgərova Azərbaycana qarşı” işdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib. Bu işdə ərizəçilərin əmlakları Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən özgəninkiləşdirilib. Ərizəçilər onlara əlavə kompensaiya ödənilməməsindən şikayət edib.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycandan göndərilmiş 43 ərizəni araşdırır