Avropa Məhkəməsi Azərbaycandan göndərilən 4 şikayətə baxmayacaq

Bu ərizəçi və nümayəndəsi də AİHM-in yazışmalarına cavab vermədiyi üçün şikayət baxılan işlər sıyahısından çıxarılıb


Ərizəçilərin şikayəti baxılacaq işlər siyahısından çıxarılıb

Oktyabrın 3-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən daha 4 şikayət üzrə qərarlarını açıqlayıb.

Məhkəmə həmin şikayətlərin dördünü də baxılacaq işlər siyahısından çıxarıb. Səbəb ərizəçilərin və onların nümayəndələrinin kommunikasiyanın son mərhələsində məhkəmənin məktublarına cavab verməməsidir.

Həmin işlərdən biri keçmiş

Baş prokuror İxtiyar Şirin

lə bağlıdır.

Ərizəçi məhkəməyə müraciət edərək bildirmişdi ki, ona qarşı 2000-ci illərdə cinayət işi açılmış, bununla əlaqədar olaraq hərəkət etmək azadlığı məhdudlaşdırılmışdı. 2012-ci ildə AİHM-ə şikayət göndərən keçmiş Baş prokuror iddia edirdi ki, onun ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqları pozulub.

Ancaq İxtiyar Şirin və nümayəndəsi 2019-cu ildə AİHM-in yazışmalarına cavab verməyiblər. İxtiyar Şirinin nümayəndəsi mərhum vəkil Elton Quliyev olub.

Digər iş üzrə ərizəçi isə prezident yanında Xüsusi Tibbi Xidmətə bağlı müəssisənin həkimi Naida İsmayılzadədir. Bu barədə hüquqşünas Xalid Ağəliyev məlumat yayıb. Bildirib ki, Naida İsmayılzadə həkimlər üçün attestasiya imtahanından keçə bilmədiyi üçün işdən çıxarılıb. Ərizəçi AİHM-də iddia edirdi ki, dövlət onun ədalətli məhkəmə araşdırması, şəxsi və ailə həyatına hörmət, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarını pozub:

“Bu ərizəçi və nümayəndəsi də AİHM-in yazışmalarına cavab vermədiyi üçün şikayət baxılan işlər sıyahısından çıxarılıb”.

Digər iki işdə isə mülkiyyət hüququna müdaxilə mübahisələndirilir. Birində Quba Konserv Zavodu 1 MMC müəssisənin ərazisinin, digəri isə Tbilisi prospektində Mehralı Məmmədova məxsus kafe və torpaq sahəsinin dövlət tərəfindən 20 min manata alınması ilə bağlıdır.

Xalid Ağəliyev deyir ki, ərizəçilər mülkiyyət hüquqlarının pozulduğu üçün AİHM-ə şikayət etmişdilər. AİHM hər iki işi də icraata qəbul etmişdi. Hökumətə suallar göndərmiş, cavablar almışdı:

“Ancaq yekun mərhələdə həm Quba Konserv Zavodu 1 MMC, həm də Mehralı Məmmədov və onların nümayəndələri AİHM-in məktublarının heç birinə cavab verməyiblər. Nəticədə məhkəmə hər iki işi baxılacaq işlər siyahısından çıxarıb”.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Azərbaycandan göndərilən 4 şikayətə baxmayacaq