Avropa Məhkəməsi: “Azərbaycanda qərarların icrası ilə bağlı irəliləyiş var”

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Ötən il 51 iş üzrə dəyən ziyan ödənilib”

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının Azərbaycandakı icra durumunda müsbət irəliləyişlər var.

AİHM-in 2021-ci il qərarların icrası ilə bağlı yaydığı hesabatda belə deyilir.

Bildirilir ki, son 5 ildə Azərbaycan AİHM-nin 31 qərarını icra etməyib. Bununla da 2021-ci ildə AİHM qərarlarının icrasını gözlədiyi 5 ölkə sırasında yer alıb.

Ümumilikdə isə Azərbaycanda 271 qərar icrasını gözləyir.

2020-ci ildə isə 231 qərar icra olunmamış qalıb.

Hesabatda bildirilir ki, Azərbaycanda son zamanlar bir sıra ədalətsiz hökmlər ləğv edilib. Buna misal kimi noyabrda Ali Məhkəmənin Məmmədli qrupu üzrə daha dörd ərizəçinin məhkumluğunu ləğv etməsi göstərilib.

Ötən il noyabrın 19-da Ali Məhkəmənin Plenumu NİDA-çıların (NİDA Vətəndaş Hərəkatı) işi üzrə məhkum olunmuş şəxslərdən dörd nəfərə bəraət verilməsi barədə qərar qəbul edib.

Qərarda onlara ümumilikdə 188 min manat kompensasiya ödənilməsi də yer alıb.

Avropa Məhkəməsinin Nazirlər Komitəsi Azərbaycanı qalan ərizəçilərin işi üzrə də məhkumluqların yubanmadan ləğvi üçün lazım olan addımları atmağa çağırıb.

İcra edilən qərarlara gəlincə, hesabatda bildirilir ki, Azərbaycan ötən il 51 iş üzrə dəyən ziyanı ödəyib.

Onların təxminən yarısı, hardasa 23 qərar qoyulan müddət ərzində ödənilib.

2021-ci il dekabrın 31-cən 58 iş üzrə ödəniş hələ təsdiqlənməmişdi.

Ana səhifəSiyasətAvropa Məhkəməsi: “Azərbaycanda qərarların icrası ilə bağlı irəliləyiş var”