Avropa Məhkəməsi Azərbaycana qarşı iki işlə bağlı kommunikasiyaya başlayıb

Mustafa Ceyhanın vəkilləri iddia edir ki, onun işgəncəyə məruz qalmamaq (Maddə 3), azadlıq və toxunulmazlıq (Maddə 5), səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq (Maddə 13) hüquq və azadlıqlarına müdaxilə edilib.


Şikayətlərdən biri Fuad Qəhrəmanlının həbsi ilə bağlıdır

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha iki şikayət üzrə kommunikasiyaya başlayıb.

Ərizələrdən biri məhkəməyə 2016-cı ildə, digəri isə 2018-ci ildə göndərilib.

Bu barədə AİHM-in saytında məlumat yerləşdirilib (https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-196954%22]}).

“Fuad Qəhrəmanlı Azərbaycana qarşı” adlı işdə ərizəçi Fuad Qəhrəmanlı bildirir ki, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini olarkən “Facebook”-da paylaşdığı ifadələrdən dolayı azadlıqdan məhrum edilib.

Yerli məhkəmələr siyasətçini dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayətlərində günahkar bilmişdi. Fuad Qəhrəmanlı isə iddia edirdi ki, dövlət onun Konvensiya ilə təminat altına alınan azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6) və ifadə azadlığı hüquqlarına müdaxilə edib.

Şikayəti araşdırılan digər ərizəçi isə Türkiyə vətəndaşı Mustafa Yaşar Ceyhandır. O, Türkiyədəki “Feto” olayları zamanı Azərbaycanda təqibə məruz qalıb, saxlanılıb və “Feto” hərəkatına mənsub olması əsası ilə iradəsinin ziddinə olaraq Azərbaycandan Türkiyəyə yola salınıb.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Mustafa Ceyhanın vəkilləri iddia edir ki, onun işgəncəyə məruz qalmamaq (Maddə 3), azadlıq və toxunulmazlıq (Maddə 5), səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq (Maddə 13) hüquq və azadlıqlarına müdaxilə edilib.

Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Fuad Qəhrəmanlını “vicdan məhbusu” elan etmişdi.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Azərbaycana qarşı iki işlə bağlı kommunikasiyaya başlayıb