Avropa Məhkəməsi Rüfət Səfərovla bağlı qərarını açıqlayıb

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Fevralın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun şikayəti üzrə qərarını açıqlayıb.

Bu barədə vəkil Fariz Namazlı özünün “Facebook” səhifəsində yazıb.

Namazlı bildirib ki, Rüfət Səfərovun 2016-cı ildə rüşvət ittihamı ilə həbs olunmasından verilmiş şikayət üzrə qərar qəbul edilib. Səfərov şikayətində saxta sübutlarla ittiham olunduğunu qeyd edib və cinayət işinin bu ittihamlar əsasında başladıldığını bildirib.

Vəkilin sözlərinə görə, AİHM hesab edib ki, ərizəçiyə qarşı istifadə olunan sübutların etibarlılığı lazımi qaydada yoxlanılmadığından icraatın ədalətliliyi şübhə altına düşüb. Nəticədə ərizəçinin sübutlara effektiv etiraz etmək, lehinə sübut təqdim etmək və əsaslandırılmış qərar almaq hüquqları təmin edilməyib və bu səbəbdən Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinin pozuntusu tanınıb.

Bundan başqa Məhkəmə Konvesiyanın 18-ci maddəsi üzrə şikayəti araşdırmağa ehtiyac görmədiyini qeyd edib.

Qərarə əsasən dövlət Rüfət Səfərova mənəvi zərərə görə 4000 avro, məhkəmə xərclərinə görə 1000 avro kompensasiya ödəməlidir.

Fariz Namazlı bildirib ki, bununla AİHM-də Azərbaycanla bağlı uduşlu işlərin sayı 62 nəfər olmaqla 35-ci qərar oldu.

R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlayandan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.

O, azadlığa çıxdıqdan sonra hüquq müdafiəçiliyi ilə məşğul olub və “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru kimi fəaliyyət göstərib. Rüfət Səfərov 2024-cü il dekabrın 3-də yenidən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Rüfət Səfərovla bağlı qərarını açıqlayıb