Avropa İnsan Haqları Məhkəməsi Tovuzun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanı oğurlamaqda, 47 gün sonra onu öldürüb, meyitini isə yandırmaqda ittiham olunaraq 18 il həbs cəzası almış İlkin Süleymanovun şikayətləri ilə bağlı kommunikasiyaya başlayıb.
Məlumatı vəkil Fariz Namazlı özünün “Facebook” səhifəsində yazıb.
Namazlının sözlərinə görə, İlkin Süleymanov barəsində həbs qətimkan tədbirinin qanunsuz seçilməsi və uzadılması, məhkəmə qərarı olmadan saxlanılması, pis rəftar və təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı şikayət edib.
“lkin Süleymanov ona münasibətdə həbs qətimkan tədbirinin seçilməsi və onun dəfələrlə uzadılmasının, 6-10 yanvar 2020-ci ildə barəsində hər hansı qərar olmadan saxlanılmasının qanunsuzluğundan, bu müddət ərzində pis rəftara məruz qalmasından, həbs edildiyi zaman Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin onun barəsində yaydığı məlumatda təqsirsizlik prezumpsiyası hüququnun pozuntusundan, pis rəftar və 4 gün ərzində məhkəmə qərarı olmadan saxlanılmasının qanunsuzluğuna dair verdiyi şikayətlərlə bağlı səmərəli hüquqi müdafiə vasitələrinin olmamasından şikayət edib” – deyə vəkil yazıb.
Vəkilin sözlərinə görə, eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi tərəflərə Konvensiyanın işgəncəyə məruz qalmamaq hüququnu nəzərdə tutan 3-cü, azadlıq hüququna dair 5.1, 5.3 və 5.4-cü, təqsirsizlik prezumpsiyasına dair 6.2-ci və səmərəli hüquqi müdafiə vasitələri hüququna dair 13-cü maddələrinin pozuntusunun olub-olmamasına ilə bağlı suallar göndərib.
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.
2023-cü ilin iyununda Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilib.