Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayəti üzrə Azərbaycana sorğu göndərib.
Şikayət Əli Kərimlinin 2019-cu il iyun ayında Müsavat Partiyasının qərargahında keçirilən xeyriyyə marafonu zamanı tutularaq polis idarəsinə aparılması ilə bağlıdır.
Avropa Məhkəməsində hadisə ilə bağlı Kərimlinin şikayəti üzrə icraat başlanılıb.
Əli Kərimli ərizəsində bildirib ki, Müsavat Partiyasının qərargahına marafona qatılmaq məqsədilə gəlib. Bu zaman polislər heç bir əsas göstərmədən qərargaha daxil olaraq onu, Binəqədi Rayon Polis İdarəsinə aparıblar. İki saata yaxın saxlanıldıqdan sonra buraxılıb.
Özünün qanunsuz saxlanıldığını bildirən Ə.Kərimli bu məsələ ilə bağlı yerli məhkəmələrə müraciət edib. Lakin şikayəti təmin olunmayıb. Binəqədi Rayon Məhkəməsi qərarında qeyd edib ki, Ə.Kərimlinin polis idarəsinə aparılması qanun pozuntusu hesab edilə bilməz. Məhkəmənin mövqeyinə görə, o, nə saxlanılıb, nə də həbs edilib, yalnız “qanunsuz parklanma” ilə bağlı xəbərdarlıqdan sonra polis idarəsindən buraxılıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı dəyişmədən saxlayıb.
Daha sonra Avropa Məhkəməsinə müraciət edən AXCP sədri ərizəsində bildirib ki, ona münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddələri pozulub.
2019-cu il iyunun 28-də Repressiya və İşgəncələr Əleyhinə Komitə xeyriyyə marafonu təşkil edilib. Tədbirin məqsədi etiraz aksiyalarında iştirak etdiklərinə görə cərimələnən ictimai-siyasi fəallara maddi dəstək göstərmək olub. Ə.Kərimli də məhz həmin vaxt saxlanılaraq polis idarəsinə aparılıb.
Hazırda AXCP sədri həbsdədir. O, noyabrın 29-da saxlanılıb.
Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hökümətyönlü media onun Ramiz Mehdiyev işinə görə saxlanıldığını yazır.