Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin mühasibi haqqında qiyabi həbs hökmü

Foto: Meydan TV

Onun evinin müsadirə olunması məsələsi də hökmdə əksini tapıb

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində 1 milyon manata yaxın pul yeyintisilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmə 2008-2023-cü illərdə nümayəndəliyin mühasibi olmuş Zərifə Abbasova haqqında qiyabi hökm çıxarıb. Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyilə çıxarılan hökmə əsasən, Zərifə Abbasova 10 il 6 ay azadlıqdan məhrum edilib. Onun ev dustaqlığında olduğu 1 ildən artıq müddət bu cəzadan çıxılıb, qalan cəza, üzərində saxlanılıb.

Zərifə Abbasova haqqında 2024-cü ilin martından həbsli axtarış qərarı çıxarılıb. O, nə vaxt həbs olunsa, hökm icra olunacaq və üzərində qalan cəzanı çəkəcək.

Həmçinin onun evinin müsadirə olunması məsələsi də hökmdə əksini tapıb. Zərifə Abbasova haqqında cinayət işi başlanandan sonra onun evinin üzərinə həbs qoyulmuşdu. Məhkəmə sözügedən evin cinayət yolu ilə əldə olunmuş vəsaitlər hesabına alındığı nəticəsinə gəlib və müsadirə olunmasına qərar verib.

Zərifə Abbasovaya qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
O, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə məxsus 983 min manatdan artıq vəsaitin yeyintisində ittiham olunur.

Cinayət işinin materiallarında göstərilib ki, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi vəzifəsində çalışıb. O, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə köçürülən pulları mənimsəmək üçün səfir Peter Mixalko və digər məsul şəxsin imzasını, həmçinin möhürü əldə edib. Onların vasitəsilə də nümayəndəliyin Beynəlxalq Bankdakı hesabında olan vəsaitlərin bir hissəsini ələ keçirib.

“Zərifə Abbasova 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasib vəzifəsində işləyərkən təşkilatın bank hesabında olan vəsaitləri nağdlaşdırıb. Həmçinin saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda pulları özünün əməkhaqqı kartına köçürərək, təşkilata məxsus 983 min 254 manatı mənimsəyib”, – ittihamda yazılıb.

Onun işi üzrə 2023-cü ilin mayından Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedirdi. Zərifə Abbasova haqqında istintaq və məhkəmə dövrü üçün ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Məhkəmədə ittihama münasibət bildirən Zərifə Abbasova demişdi ki, özünü qismən təqsirli bilir. O bildirib ki, 983 min manat yox, təşkilatın 50 min manat pulunu mənimsəyib.

O, 2024-cü ilin martından məhkəmə prosesindən yayındığına görə barəsindəki ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və hakim onun haqqında həbsli axtarış qərarı çıxarıb. Üstündən yarım il keçsə də, axtarışlar nəticə verməyib. Bu səbəbdən də sentyabrdan Zərifə Abbasovanın iştirakı olmadan onun işi üzrə məhkəmə prosesinin davam etdirilməsinə qərar verilib.

Ana səhifəSiyasətAvropa İttifaqının Bakıdakı nümayəndəliyinin mühasibi haqqında qiyabi həbs hökmü