Sanksiyaların 6 paketdən ibarət olduğu bildirilir
Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiya paketini elan edib.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışında bildirib ki, Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbi zabitlərin və digər şəxslərin siyahısını hazırlayıblar.
O deyib ki, cinayəti törədənlərin kimlər olduğunu bilirlər:
“Sizin kim olduğunuzu bilirik. Törətdiklərinizə görə məsuliyyət daşıyacaqsınız. Bundan əlavə, biz Rusiyanın ən böyük bankı olan “Sberbank”ı və digər iki böyük bankı SWIFT-dən çıxarırıq”.
Ursula von der Leyen əlavə edib ki, Putinin yalanlarını və təbliğatını yayımlayan üç böyük Rusiya dövlət yayımçısını efirdən çıxarırlar.
“Nəhayət, biz Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Gəlin açıq olaq: bu, asan olmayacaq, amma biz bunun üzərində işləməliyik. Biz əmin olacağıq ki, iqtisadiyyatlarımıza təsirini minimuma endirməklə, Rusiya neftindən imtinanı nizamlı şəkildə apararıq. Rusiyaya təzyiqi maksimum dərəcədə artıracağıq”, – Ursula von der Leyen qeyd edib.
“Reuters” bildirir ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki hədəfləri vurub.
Mariupol liman şəhərində müqavimətin son nöqtəsi olan polad zavoduna raket atıb.
Qeyd edilir ki, BMT və Qırmızı Xaç Komitəsinin himayəsi altında şəhəri tərk etməyi bacaran insanlar həftələrdir Azovstal Polad Zavodunun altındakı bunkerlərdə gizlənib.
Mayın 3-də Ukraynanın nəzarətindəki Zaparojiyada isə nisbi təhlükəsizlik olub.
Zavodda isə əsasən Rusiyanın hazırda nəzarəti öz üzərinə götürdüyü Ukraynanın cənub-şərqindəki doğma şəhərini tərk edən uşaq və qocalar sığınmışdı.
Oğlu və 10 yaşlı nəvəsi ilə iki ay zavodda sığındığını deyən 70 yaşlı Valentina Sytnykova:
“Həyatla vidalaşmışdıq. Heç kimin orada olduğumuzu bildiyini düşünmürdük”, – deyə bildirib.
Mariupol meri Vadim Boyçenkonun sözlərinə görə, zavodda 200-dən çox mülki şəxs qalıb. Üstəlik, onlardan başqa şəhərdə 100 min mülki şəxs var.
Şəhərdə 67 yaşlı qadın yaşayış blokunun dağıntıları arasında açıq odda su qaynadarkən: “Mən hara getməliyəm? Qoy məni burada partlatsınlar”, – deyə açıqlama verib.
Qərbin sanksiyaları ilə sıxışan Rusiya indi də Avropa İttifaqının bank və neft sənayesini hədəfə alacaq yeni tədbirləri ilə üz-üzədir.
Beynəlxalq ekspertlər düşünürlər ki, bu, Rusiya enerjisindən asılı olan Avropa ölkələri üçün mühüm addım olacaq.
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin mayın 4-də təklif edilən yeni sanksiyaları, o cümlədən bu ilin sonuna qədər Rusiya neftinin idxalına qadağa qoyulmasını açıqlayacağı gözlənilir.
Rusiyanın minlərlə insanın ölümünə, şəhərlərin dağıdılmasına və 5 milyon ukraynalının xaricə qaçmasına səbəb olan “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibədən təxminən 10 həftə geri çəkilmək əlaməti göstərmədiyi bildirilir.
Rusiyanın 1,8 trilyon dollarlıq iqtisadiyyatı 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonrakı illərdən bəri ən böyük daralmaya doğru gedib.
Rusiya qüvvələri müharibənin ilk həftələrində paytaxt Kiyevi ala bilmədikdən sonra gücünü Ukraynanın şərqinə və cənubuna yönəlidib.
Mayın 3-də isə həmçinin qərb hissəyə də yeni hücumlar qeydə alınıb.
Lvov meri deyib ki, Rusiya raket zərbələri nəticəsində Ukrayna ordusu üçün Qərbin silah təchizatının keçdiyi Polşa sərhədinə yaxın şəhərdə elektrik və su şəbəkələri zədələnib.
Ukrayna Dəmiryol İdarəsinin rəisi Olesksandr Kamışin bildirib ki, Rusiya qüvvələri ölkənin mərkəzində və qərbində altı dəmiryol stansiyasına da zərbələr endirib.
O, “Twitter”də əlavə edib ki, mülki şəxslər arasında xəsarət alan olmayıb.
Lakin mayın 3-də Rusiyanın Donetskdə təşkil etdiyi hücumlarda 21 mülki şəxsin həlak olduğu, 27 nəfərin yaralandığı açıqlanıb.
Vilayətin qubernatoru Pavlo Kyrylenko belə deyib.
Regionun qubernatoru Serhiy Hayda bildirib ki, Luqanskda da hücumlar və atəşlər intensivləşib: “Ən çətin bölgə Popasna olub, burada təxliyənin təşkili mümkün olmayıb”.
“Luqansk vilayətində təhlükəsiz şəhərlər yoxdur”, – deyə o, “Telegram” mesajlaşma xidmətində bildirib.
Münaqişə zonası ilə bağlı gündəlik yenilikdə Britaniya hərbi kəşfiyyatı Rusiyanın Donbas bölgəsinin şimal oxu boyunca irəliləmək üçün Ukraynanın şərqindəki İzium şəhəri yaxınlığında 22 batalyon taktiki qrupunu yerləşdirdiyini bildirib.
Əlavə edib ki, Rusiya qüvvələrinin niyyəti çox güman ki, Kramatorsk və Severodonetsk şəhərlərini tutmaqdır.
Ukraynanın Baş Qərargahı bildirib ki, onun qüvvələri Ukraynanın ikinci böyük şəhəri Xarkovdan təxminən 108 km (67 mil) şərqdə yerləşən Dovgenke vasitəsilə Rusiyanın irəliləyiş cəhdini dəf ediblər.
Cənubda Rusiya Qara dənizin Odessa limanı yaxınlığındakı hərbi aerodromu raketlərlə vurduğunu, pilotsuz təyyarələri, Qərbin təchiz etdiyi silah və sursatları məhv etdiyini bildirib.
Ukrayna 3 raketin Odessa bölgəsini hədəf aldığını və hamısının ələ keçirildiyini açıqlayıb.
İşğaldan əvvəl 400.000 əhalisi olan Mariupol həftələrlə mühasirə və atəşə məruz qalıb. Bildirilir ki, bu ərazi ən qanlı döyüşlərə şahid olub.
İnsanların Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə təxliyə edilməsinə baxmayaraq, bəzi mülki şəxslərin hələ də polad zavodlarının altındakı bunkerlərdə qaldığı bildirilir. Üstəlik, artıq həmin ərazi təhlükəsiz də deyil, atəş altındadır.
Prezident Volodimir Zelenski Rusiyanı mülki əhalinin qaçmasına icazə vermək üçün döyüşləri dayandırmaq barədə razılaşmaları pozmaqda ittiham edib.
“Onlar hələ də döyüşürlər. Hələ də bombalayır və atəş açırlar. Bizə bir nəfəs lazımdır”, – Zelenski “Wall Street Journal” tədbirində video bağlantı vasitəsilə deyib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi müdaxiləyə başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.