Şarl Mişel ölkə rəhbərləri ilə, Sergey Şoyqu ilə həmkarları ilə əlaqə saxlayıb
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel noyabrın 16-da Azərbaycanın dövlət başçısı İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib. Şarl Mişelin Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə etdiyi qeyd olunub.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib”, – məlumatda qeyd olunur.
Məlumatda o da deyilir ki, İlham Əliyev Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb.
İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Şarl Mişelə “beynəlxalq ictimaiyyət Azərbaycanın Ermənistan Respublikasının suveren ərazilərinə təcavüzünə biganə qalmamalıdır”, – deyə söyləyib. O, Azərbaycan hakimiyyətinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarına zidd olaraq vəziyyəti qəsdən gərginləşdirdiyini deyib.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu isə noyabrın 16-də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı hər iki ölkənin müdafiə nazirləri ilə telefon əlaqəsi saxlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sergey Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, nazir Suren Papikyan Sergey Şoyquyla şərq sektorunda vəziyyəti müzakirə edib. Suren Papikyan baş verənlərin ötən il imzalanan üçtərəfli bəyanata zidd olduğunu deyib.
Rusiyanın müdafiə naziri S.Şoyqu hərbi əməliyyatların dayandırılması, hərbi əsirlərin qaytarılması və vəziyyətin həlli üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.