Avropa İttifaqı həbs cəzasına məhkum edilən fəallarla bağlı açıqlama yayıb

Foto: Meydan TV

Təşkilat həbs olunanları azad etməyə çağırıb

Avropa İttifaqı (Aİ) Bəxtiyar Hacıyev, Rail Abbasov, İlhamiz Quliyev kimi fəalların, “Kanal 11”-in jurnalisti Teymur Kərimov və “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun həbs cəzasına məhkum edilməsindən təəssüflənir.

Bu barədə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin açıqlamasında bildirilir.

“Biz, fundamental hüquqlarının qorunmasına görə həbs olunanları azad etməyə çağırırıq”, – açıqlamada deyilir.

İctimai fəal Bəxtiyar Hacıyev yanvarın 13-də 10 il azadlıqdan məhrum edilib.

Bəxtiyar Hacıyev xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirləndirilib.

Bəxtiyar Hacıyev. Foto: Meydan TV
Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Onun Zərdabi küçəsindəki evi və bank hesabında olan pulu müsadirə edilib.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.

Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.

Onunla bloger Ülviyyə Muradova (Alovlu) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur.

İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.

Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə onun ittihamlarının əsassız olduğunu bəyan edib.

Həbsdə olan ictimai fəal Rail Abbasov yanvarın 9-da 6 il 6 ay azadlıqdan məhrum edilib.

Hökmə görə, Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə – ev satmaq adı ilə Əsgər Həziyev adlı şəxsdən pul alıb onu aldatmaqda təqsirli bilinib.

Rail Abbasov. Foto: Şəxsi “Facebook” səhifəsindən

Rail Abbasov isə hökm oxunmamışdan əvvəl son sözündə bildirib ki, bu ittiham tamamilə saxta və quramadır.

Rail Abbasov məhkəmədə ifadə verərkən özünü həbsdə olan dostu, ictimai fəal “Bəxtiyar Hacıyevin girovu” adlandırıb.

O bildirib ki, Bəxtiyar Hacıyevlə dostluğuna, onu müdafiə etdiyinə görə şərlənərək həbs olunub.

İlhamiz Quliyev 2023-cü il dekabrın 4-dən narkotik ittihamı ilə həbsdədir. 2024-cü il dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 3 il həbs cəzası kəsilib.

O, narkotik ittihamını rədd edir, polislərin ictimai-siyasi fəalları necə şərləməsi haqda “AbzasMedia”ya verdiyi müsahibəyə görə həbs olunduğunu bildirir.

Məhkəməyə ifadəsində deyib ki, əvvəllər polis orqanlarında müstəntiq köməkçisi işlədiyindən bu sistemdə baş verənləri bilirdi.

İlhamiz Quliyev. Foto: Meydan TV

“AbzasMedia”ya anonim şəkildə verdiyi müsahibədə polisdə narkotiklə şərləmə əməliyyatlarının necə aparıldığı barədə danışıb.

Bu müsahibədən sonra İlhamiz Quliyev polisə tabesizlik ittihamıyla 30 sutka inzibati həbs edilib. Həbsdən buraxılandan sonra ölkədən çıxışına qadağa qoyulduğu məlum olub.

“Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimova ötən il dekabrın 28-də hökm oxunub. O, 8 il azadlıqdan məhrum edilib. Həmçinin ona 2 il jurnalist fəaliyyətilə məşğul olmaq da qadağan olunub.

Foto: Teymur Kərimovun şəxsi arxivindən

Teymur Kərimov Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə təqsirli bilinib.

Teymur Kərimov bildirib ki, ona qarşı ittihamlar saxtadır, sifarişlə həbs olunub, həbsinin səbəbi isə jurnalist fəaliyyəti idi.

Onun fikrincə, qanunsuzluqları ictimailəşdirdiyinə görə bu şəkildə cəzalandırılır.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 2023-cü ilin sentyabrından həbsdə olan ictimai fəal Afiəddin Məmmədov yanvarın 14-də 8 il azadlıqdan məhrum edilib.

2023-cü il avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri bir qrup moped sürən kuryerlə birlikdə polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib.

Afiəddin Məmmədov. Foto: Meydan TV

Etiraz aksiyası başa çatandan az sonra Afiəddin Məmmədov yaşadığı evin yaxınlığında həbs edilib, ona 30 sutka inzibati həbs cəzası verilib.

Afiəddin Məmmədovun 30 sutkalıq cəzası başa çatandan sonra o, avqustun sonunda azadlığa buraxılsa da, sentyabrın 20-də yenidən həbs olunub.

Bu dəfə o, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolda gedərkən mübahisə etdiyi Səfər Hüseynov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.

Afiəddin Məmmədov məhkəmədə ifadəsində bildirib ki, o, Səfər Hüseynov adlı şəxsi tanımayıb.

Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə maddələrilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərAvropa İttifaqı həbs cəzasına məhkum edilən fəallarla bağlı açıqlama yayıb