Avropa İttifaqına üzv dövlətlər təklifi müsbət qarşılayıb
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Güvənlik Siyasəti üzrə Ali Nümayəndəsi qurumun Ermənistandakı Mülki Missiyasının müddətinin daha iki il uzadılmasını təklif edib.
“Azadlıq” radiosu Ali Nümayəndənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Avropa İttifaqına üzv dövlətlər təklifi müsbət qarşılayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə gərəkli hüquqi aktlar müzakirə edilir. Aİ Şurasının missiya müddətinin uzadılmasına dair qərarının yaxın günlərdə veriləcəyi gözlənilir”, – məlumatda deyilir.
Rəsmi Bakı Aİ-nin Ermənistandakı Mülki Missiyasını casusluq və regional sabitliyə zərbə vurmaqda suçlayır. Aİ-nin Xarici İşlər və Güvənlik Siyasəti üzrə Ali Nümayəndəsinin Ofisi bu ittihamlarla razılaşmır:
“Aİ-nin Ermənistandakı Missiyasının mandatı çox aydındır: Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə aparmaq, hesabat hazırlamaq və Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə səylərinə öz töhfəsini vermək. Monitorinq missiyası göndərildikdən sonra sərhədyanı ərazilərdə silahlı insidentlərin sayı xeyli azalıb. Məlum olduğu kimi, Aİ missiyanın fəaliyyəti barədə Azərbaycanı ara vermədən bilgiləndirir”.
Aİ-nin Ermənistandakı missiyası Azərbaycanda müxtəlif səviyyələrdə tənqidə tutulur. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Aİ-nin sözügedən missiyasını tənqid edib. O bildirib ki, daha əvvəl Aİ Ermənistana göndərdiyi Mülki Missiyanın mandatının 2 ay sürəcəyini və 40 -a yaxın nümayəndədən ibarət olacağını bildirsə də, sonradan bu razılaşmanı pozub:
“Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər… Onlar yarıhərbi geyim, çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə bir neçə gün öncə 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Aİ-nin Mülki Missiyasına onun ölkəsinin ehtiyacı var:
“Aİ-nin Ermənistanda yerləşən mülki missiyası indiki durumda mühüm amildir. Nə qədər ki Ermənistanın delimitasiya edilmiş sərhədi yoxdur, Azərbaycanla sərhədləri müəyyənləşdirilməmiş ərazilərimiz var, bizim Aİ-nin Mülki Missiyasına ehtiyacımız olacağından əminik”.
Aİ Missiyası Ermənistan hökumətinin rəsmi müraciəti təməlində yaradılıb. Aİ-nin Ermənistandakı missiyası (EUMA) 2023-cü il fevralın 20-də qurumun Xarici İşlər Şurasının qərarı ilə fəaliyyətə başlayıb.
Missiyanın iki illik mandatı var və bu il həmin mandatın müddəti bitir. Onun heyətinə Aİ-yə üzv 23 ölkədən və Kanadadan olan müşahidəçilər və mülki ekspertlər daxildir.
Mülki Missiya Azərbaycanla sərhədin Ermənistan tərəfində yerləşdirilib. Missiyanın Ermənistanın Azərbaycanla bir neçə sərhədyanı bölgəsində əməliyyat ofisləri də var.
Hələlik Azərbaycan Xarici İşlər Nazirliyi Aİ-nin Ermənistandakı Mülki Missiyasının mandatının uzadılması məsələsinə münasibət bildirməyib.