Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkiləri tanımadığını bəyan edib

“Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz”.

Source: google.az


“Aİ bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır”

Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən “prezident və parlament” seçkilərini tanımır.

Bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin martin 31-də yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, 2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləri” ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, blok bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır. Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz.

Aİ ATƏT-in Minsk Qrupunu və xüsusən həmsədrlərin “status-kvo”nun xaricində irəliləyiş, hərtərəfli və davamlı sülh yolunda əsaslı danışıqlar aparmaq səylərini qətiyyətlə dəstəkləyir. Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən, sülh yolu ilə həllinə yönəlmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır”, – deyə bəyanatda vurğulanır.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətAvropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkiləri tanımadığını bəyan edib