Avropa İttifaqı Azərbaycana yeni sazişi iyunda paraflamağı təklif edib

“Belə şəraitdə, ciddi irəliləyişdən danışmaq mümkün deyil”.

Foto: Meydan TV


Anar Məmmədli: “Sənədin tez zamanda qüvvəyə minməsi Azərbaycanın həyata keçirəcəyi siyasi islahatlardan asılı olacaq”

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli 2020-ci ilin iyun ayında keçirilməsi planlaşdırılan Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısında Azərbaycanla yeni saziş layihəsinin paraflanmasını təklif edib.

Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə komissar layihə üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib. O, Zirvə toplantısına qədər sənədin razılaşdırılmasını təklif edib.

Nazir Elmar Məmmədyarov qarşılıqlı maraq doğuran məsələlər üzrə daha da geniş müzakirələrin aparılması, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə komissar Oliver Varheylini Azərbaycana dəvət edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli sazişin paraflanmasını mümkün saysa da, Avropa Parlamenti tərəfindən təsdiqinin uzanacağını ehtimal edir.

O deyib ki, sazişin təsdiqi üç mərhələdə aparılır.

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

“Saziş imzalanır, paraflanır, sonra detalları daha dəqiq şəkildə hazırlanır, nəhayət Avropa Parlamenti və birlik ölkələrinin nazirləri səviyyəsində təsdiqlənir. Məncə, sazişin parlamentdə təsdiqlənməsi uzana bilər. Çünki parlamentin bir çox fraksiyaları təklif edir ki, saziş Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı bir çox problemlər həll edilməyincə, ratifikasiya edilməsin. Əsasən, aparıcı iki fraksiya, liberallar və sosial-demokratlar bunu təkid edirlər. Yaşıllar da onlara qoşulur, mühafizəkarların içində onlara xeyli tərəfdar olanlar var”.

Anar Məmmədli hesab edir ki, sənədin tez zamanda imzalanıb qüvvəyə minməsi daha çox Azərbaycan tərəfinin həyata keçirəcəyi siyasi islahatlardan asılı olacaq. Onun fikrincə, söhbət öncə siyasi məhbusların azad olunması və digər məsələlərdən gedir.

Demokratik Qüvvələrin Milli Şurasının beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli isə hadisələrin indiki gedişinin Aİ ilə Azərbaycan arasında yeni saziş layihəsinin paraflanmasının mümkünsüz etdiyini düşünür.

Gültəkin Hacıbəyli xatırladıb ki, indiyə qədər bu istiqamətdə bir neçə cəhd olub:

“Ötən ilin mayında Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov sazişin imzalanması barədə birmənalı fikir bildirmişdi. Amma sonucda rəsmi Bakının istəyi və qeyri-konstruktiv yanaşmasının nəticəsində imzalanma təxirə salındı”.

O deyib ki, sazişdə əksini tapan insan hüquqlarına dair hissə Azərbaycan tərəfindən çıxarılıb və imzalanmanın təxirə salınmasına səbəb olub.

Gültəkin Hacıbəyli hesab edir ki, hazırki fəallıq rəsmi Bakının bərbad şəkildə keçirdiyi parlament seçkilərindən sonra yaranan vəziyyətdən çıxmaq istəyi ilə əlaqədar ola bilər.

“Hətta Xarici İşlər Nazirliyi seçkidə müəyyən səhvlərin olduğunu etiraf edib və hansısa addımlar atılacağını bildirib. Ola bilər ki, bu kontekstdə Bakı Brüsselə hansısa ümidlər versin ki, 9 fevralla bağlı dəyərləndirmə çox da sərt olmasın. Bakı əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu demək istəyir. Amma görünən ondan ibrətdir ki, bu, mümkünsüzdür”.

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Gültəkin Hacıbəyli qeyd edib ki, Avropa Parlamentinin sazişin imzalanması ilə bağlı öz şərtləri var və bunlar 2019-cu ilin 4 iyul qətnaməsində əksini tapıb.

“Sənədə siyasi məhbusların azad olunması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi daxildir. Ancaq bu şərtlərin heç biri yerinə yetirlmir. Bugünlərdə ittifaqın sosial-demokrat fraksiyası birmənalı olaraq bildirib ki, Bakı üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyincə, parlamentdə saziş ratifikasiya olunmayacaq. Belə şəraitdə, ciddi irəliləyişdən danışmaq mümkün deyil”.

Ana səhifəSiyasətAvropa İttifaqı Azərbaycana yeni sazişi iyunda paraflamağı təklif edib