Avropa ilə viza rejimi sadələşdirildi

Noyabrın 29-da Vilnüs sammitində viza rejiminin sadələşdirilməsi haqqında Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında saziş imzalandı.

Source:

Noyabrın 29-da Vilnüs sammitində viza rejiminin sadələşdirilməsi haqqında Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında saziş imzalandı. Aİ tərəfindən sazişi Litvanın xarici işlər naziri Linas Linkyaveçus, Aİ-nın Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Azərbaycan tərəfindən isə xarici işlər naziri Elmar Məmmədyarov imzaladı.

Sonrakı mərhələdə müqavilə Avropa Parlamentinə müzakirə üçün göndəriləcək. Saziş ya tərəflərin bir-birlərini daxili prosedurların tamamlanması haqqında xəbərdarlıq etməsindən sonra gələn ikinci ayın birinci günündə, ya da Aİ – Azərbaycan arasında readmissiya sazişinin imzalanmasından sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Böyük Britaniya, İrlandiya və Danimarka bu sazişə daxil deyillər.

Əsas müddəalar

Sazişə əsasən, Azərbaycan vətəndaşlarının, xüsusilə, çox səyahət edənlərin qısamüddətli viza əldə etmələri daha asan və ucuz başa gələcək. Qısamüddətli viza – 180 gün ərzində 90 gündən çox olmayaraq, Aİ ərazisində qalmağa icazə verən vizadır. Çox səyahət edən müəyyən vətəndaşlara müvafiq şərtlər daxilində üzv dövlət tərəfindən 1 ildən 5 ilədək çoxgirişli viza veriləcək.

Bundan əlavə, diplomatik pasport sahibləri Aİ daxilində vizasız səyahət edə biləcəklər.

Sazişə əsasən, viza üçün müraciət edən müəyyən kateqoriyalı vətəndaşlar, o cümlədən rəsmi nümayəndə heyəti üzvləri, 12 yaşdan kiçik uşaqlar, təqaüdçülər, tədqiqatçılar və tələbələr viza haqqının ödənilməsindən azaddırlar.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının 19 Dekabr 2011-ci ildə verdiyi mandat əsasında Avropa Komissiyası Azərbaycan ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişlərə başladı. Yekun danışıqlardan sonra saziş 29 iyul 2012-ci ildə paraflandı.

Məzmun

Viza rejiminin sadələşdirilməsi haqqında saziş adətən Aİ-da readmissiya sazişi ilə paralel həyata keçirilir. Azərbaycan ilə readmissiya haqqında sazişin tezliklə imzalanması gözlənilir. Yuxarıda da qeyd edildiyi kimi, viza rejiminin sadələşdirilməsi haqqında saziş və readmissiya sazişi eyni gündə qüvvəyə minəcək.

Readmissiya haqqında saziş Aİ-na üzv ölkələrdə və üçüncü dövlətlərin ərazisində qeyri-qanuni şəkildə yaşayan vətəndaşların nə zaman və hansı qaydada geri göndərilməsinin vəzifə və prosedurlarını müəyyən edir. Readmissiya sazişinin icrası insan haqları haqqında Avropa konvensiyasında göstərilən müddəalar əsasında həyata keçiriləcək.

Qeyd edək ki, Aİ artıq 11 ölkə ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş imzalayıb: Albaniya, Bosniya və Herseqovina, Makedoniya, Moldova, Monteneqro, Rusiya, Serbiya, Ukrayna, Gürcüstan, Keyp-Verde və Ermənistan.

Mənbə: Eunews

Ana səhifəXəbərlərAvropa ilə viza rejimi sadələşdirildi