Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın qaz təchizatında Azərbaycanın payı artmaqdadır. Əgər müharibədən əvvəl bu pay təxminən 2 faiz idisə, 2025-ci ildə 3,5 faizə qədər yüksəlib. Həmin dövrdə Azərbaycanın əsas qaz alıcıları Türkiyə, Rusiya və Yunanıstan idi. 2026-cı ilin yanvar ayına olan son məlumatlara görə isə, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb.
Almaniya və Avstriyanın bu siyahıya qoşulması Azərbaycanın enerji ixracının coğrafiyasını daha da genişləndirib. SOCAR Almaniyanın dövlətə məxsus SEFE (Securing Energy for Europe) şirkəti ilə 10 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, Almaniyaya illik təxminən 1,5 milyard kub metr qaz tədarük ediləcək.
Almaniyanın aparıcı nəşrləri bu razılaşmanı “Avropanın Rusiyadan asılılığının azaldılması” strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər. “Der Spiegel” yazır ki, Azərbaycan qazı Almaniya bazarı üçün həm təchizatın şaxələndirilməsi, həm də etibarlı tədarük zənciri baxımından mühüm əhəmiyyət daşıyır.
Avstriya da uzun illərdir Rusiya qazından yüksək asılılığını azaltmağa çalışır. Avstriya ilə bağlanan müqaviləyə əsasən, bu ölkə Azərbaycandan ildə təxminən 1 milyard kub metr qaz alacaq. Qazın TAP kəməri vasitəsilə İtaliyaya, oradan isə Avstriya və Almaniyaya çatdırılacağı qeyd edilir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Avropanın Azərbaycan qazına artan marağının səbəblərini şərh edərək bildirir ki, Avropa təbii qaz təchizatında bir mənbədən asılılığı aradan qaldırmaq və alternativ mənbələr hesabına diversifikasiyanı gücləndirmək istəyir:
“2025-ci ilin yekunlarına görə, Avropanın əsas qaz təminatçıları sırasında birinci yerdə Norveç, ikinci yerdə ABŞ, üçüncü yerdə Əlcəzair, dördüncü yerdə isə Azərbaycan qərarlaşıb. Azərbaycan iki il ərzində 13 milyard kub metr qazla Avropa bazarında möhkəm yer tuta bilib. Əgər Azərbaycan qazına maraq artırsa, bu, alıcı məmnunluğunun göstəricisidir. Gələcəkdə həcmlərin 17-18 milyard kub metrə qədər artırılması mümkündür”.
Hazırda qaz ixrac edilən 16 ölkənin 12-si Avropa ölkəsidir. Lakin bu ölkələrin hamısı daimi alıcı sayılmır. Bəzi ölkələr müəyyən illərdə məhdud həcmdə qaz alıblar. İqtisadçılara görə, Almaniya və Avstriya isə uzunmüddətli müqavilələrə görə daha strateji tərəfdaşlar hesab olunur. Çünki Almaniya ən azı 10 il ərzində Azərbaycanın əsas qaz alıcılarından biri olacaq. İqtisadçıların fikrincə, qarşıdakı illərdə bazarın daha da genişlənməsi mümkündür. Bəzi iqtisadi təhlillərdə qeyd olunur ki, həcmlərin artırılması üçün TAP və TANAP kəmərlərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə, eləcə də yeni investisiyalara ehtiyac var.
Azərbaycan qazı Avropaya hansı qiymətə satılır?
2025-ci ilin ilk 10 ayının nəticələrinə görə, Azərbaycan 20,6 milyard kub metr qaz ixrac edib və bundan 7,4 milyard ABŞ dolları gəlir əldə olunub. Dövlət Gömrük Komitəsinin yanvar-oktyabr ayları üzrə xarici ticarət statistikasına əsasən, qazın 1000 kub metrinin orta ixrac qiyməti 360 dollar təşkil edib. Ölkələr üzrə qiymətlər isə fərqlidir.
Avropa ölkələri arasında İtaliyaya satılan qazın 1000 kub metrinin orta qiyməti 490 dollar, Bolqarıstana 360 dollar, Yunanıstana 522 dollar, Serbiyaya isə 555 dollar olub. Daimi alıcılar olan Gürcüstana qaz 105 dollara, Türkiyəyə 271 dollara, Suriyaya isə 343 dollara satılıb. Bu göstəricilər Avropa bazarının qiymət baxımından daha sərfəli olduğunu göstərir.
Büdcədə qazın qiymət 440 dollardan götürülüb, proqnozlar isə…
Xatırladaq ki, 2026-cı il üçün Azərbaycan Dövlət Neft Fondunun büdcəsində baza göstəricisi kimi Avropa hub qiyməti 1000 kub metr üçün 440 ABŞ dolları səviyyəsində müəyyən edilib. Beynəlxalq təşkilatların proqnozlarına görə, cari ildə Avropa birjalarında təbii qazın qiymətinin bir qədər azalacağı gözlənilir. Belə ki, illik orta qiymətlərin 350–420 dollar/1000 kub metr diapazonunda olacağı bildirilir. Artıq həftənin ilk iş günündə Avropada qazın 1000 kub metrinin qiyməti 415 dollara qədər enib.
Beləliklə, neftdə olduğu kimi, təbii qazın da faktiki satış qiymətinin büdcədə nəzərdə tutulan baza qiymətindən aşağı ola biləcəyi istisna edilmir.
İlham Şaban qeyd edir ki, Azərbaycanın 2025-ci ilin 10 ayı üzrə qaz satışının orta qiyməti Avropa bazarındakı qiymətlərlə yaxın səviyyədə olub:
“Azərbaycan qazı Avropaya əsasən spot bazara yaxın, hərraclarda formalaşan qiymətlərlə satılır. Müəyyən endirimlər uzunmüddətli müqavilələrlə bağlıdır. Məsələn, Almaniya 2036-cı ilin sonuna qədər, yəni 10 il müddətində ildə 1,5 milyard kub metr qaz alacaq. Türkiyə isə 15 il ərzində 33 milyard kub metr qaz idxal edəcək. Uzunmüddətli və qısamüddətli müqavilələr arasında qiymət fərqləri olur. Buna görə də bir ölkənin baha, digərinin isə ucuz qaz alması barədə qəti fikir söyləmək düzgün deyil. Əsas məsələ kommersiya maraqlarının üst-üstə düşməsidir.”
Ekspert əlavə edir ki, artıq bir neçə ildir dövlət büdcəsində qazın da baza qiyməti göstərilir. 2025-ci il üçün bu qiymət 242 dollar müəyyən edilsə də, faktiki orta satış qiyməti daha yüksək olub. Onun sözlərinə görə, qarşıda duran əsas məsələlərdən biri qaz ötürmə imkanlarının artırılmasıdır:
“TAP kəmərinin ötürücülük gücü 1,2 milyard kub metr artırılaraq 13 milyard kumetrə çatdırılıb. SOCAR ilə BOTAŞ arasında əldə olunmuş razılaşmaya əsasən, Bolqarıstan üzərindən keçən kəmərdən də istifadə etmək mümkündür”.