Avropa Azərbaycan qazının “mənşəyini” araşdıracaq

Azərbaycan qazı. Foto: Fly Of Swallow Studio/shutterstock

Fevralın 2-də Avropa Parlamenti və Şurası tərəfindən Rusiya təbii qazından asılılığa tamamilə son qoyan 2026/261 saylı tənzimləmə qərarı (EU Regulation) qüvvəyə minib. Bu sənəd artıq Avropa ölkələri üçün sadəcə tövsiyə xarakteri daşımır, bütün üzv dövlətlər üçün icrası məcburi olan qanunvericilik aktıdır.

Bu hüquqi aktın əsas məqsədi 2027-ci ilin sonunadək Rusiyadan gələn həm boru kəməri qazının, həm də sıxılmış təbii qazın (LNG) Avropa bazarına girişini tamamilə dayandırmaqdır. Qadağanın 2027-ci ilin sonunadək uzadılmasının səbəbi ötən illərdə bağlanmış qısa və uzunmüddətli müqavilələrlə bağlıdır. Belə ki, qısamüddətli müqavilələrin bir qisminin müddəti 2026-cı ilin aprel-iyun aylarında, uzunmüddətli müqavilələrin müddəti isə oktyabr-noyabr aylarında başa çatır. Bu səbəbdən Aİ 2027-ci ilin noyabr ayına qədər Rusiya qazının idxalını birdəfəlik dayandırmağı planlaşdırır.

Avropa Azərbaycandan qazın “mənşəyi”nə dair tələblər qoydu

Sözügedən 261 saylı Qərarda Azərbaycanın da adı çəkilir. Yeni qaydalara əsasən, Avropa İttifaqı Azərbaycan və Türkiyə üzərindən Avropaya daxil olan qazın Rusiya mənşəli olmadığının rəsmi sənədlərlə sübut edilməsini tələb edir.

“Strandja 1 bağlantı məntəqəsi [Türkiyə–Bolqarıstan sərhədində yerləşən əsas qovşaq] təkcə Azərbaycan və Türkiyədən deyil, eyni zamanda Rusiya Federasiyasından da əhəmiyyətli həcmdə qaz nəql edən boru kəməri sisteminə qoşuludur. Bu səbəbdən istehsalçı ölkənin Rusiya Federasiyası olmadığını təsdiqləyən birmənalı sübutların təqdim edilməsi tələb olunur. Səlahiyyətli orqanlara Strandja 1 məntəqəsi vasitəsilə idxal edilən qazın birbaşa və ya dolayı yolla Rusiyadan gəlmədiyini yoxlamaq üçün kifayət qədər vaxt verilməlidir. Gələcəkdə digər bağlantı nöqtələri də Rusiya qazı daşıyan sistemlərə qoşularsa, onlara da eyni nəzarət mexanizmi tətbiq olunacaq”, – sənəddə qeyd edilir.

Qaydalara əsasən, təbii qaz idxalçıları Birliyə idxal edilən qazın istehsal olunduğu ölkəni müəyyən etmək və onun ümumi qadağaya və ya istisnalara aid olub-olmadığını qiymətləndirmək üçün bütün zəruri məlumatları səlahiyyətli orqanlara təqdim etməlidirlər. Başqa sözlə, qaz Rusiyadan çıxdıqdan sonra emal edilibsə (məsələn, mayeləşdirilib və ya yenidən qazlaşdırılıbsa) və mənşəyi dəyişdirilərək satılıbsa, bu hallar ciddi şəkildə araşdırılacaq.

Qayda pozuntusu aşkar edildiyi təqdirdə ciddi sanksiyalar nəzərdə tutulur. Qanunu pozan şirkətlər üçün cərimə əvvəlki maliyyə ilindəki ümumi illik dövriyyənin 3,5%-dək müəyyən edilə bilər. Əgər bu məbləğ daha az olarsa, üzv dövlətlər 40 milyon avroyadək sabit cərimə tətbiq edə bilərlər. Bundan əlavə, qanun üzv dövlətlərə təkcə maliyyə sanksiyaları deyil, həm də cinayət məsuliyyəti (həbs və ya fəaliyyətin dayandırılması) tətbiq etmək imkanı verir.

Qeyd edək ki, 2022-ci ildə Rusiya–Ukrayna müharibəsindən sonra Azərbaycan Avropanın əsas qaz tədarükçülərindən birinə çevrilib. Artıq ötən il Avropa İttifaqı ölkələrinə ixrac olunan “mavi yanacağın” həcmi 13 milyard kubmetrə çatıb. Gələcəkdə bu göstəricinin 17 milyard kubmetrə qədər artırılması gözlənilir. Azərbaycan qazı, əsasən TANAP boru kəməri ilə Türkiyəyə, daha sonra TAP boru kəməri vasitəsilə Avropaya ötürülür. Hazırda Azərbaycandan qaz alan Avropa ölkələrinin sayı 12-yə çatıb.

Bununla yanaşı, xarici mediada Azərbaycanın Rusiyadan neft və qaz alaraq mənşəyini dəyişdirməklə Avropaya satması ilə bağlı iddialar səsləndirilir. Azərbaycan tərəfi isə Rusiya qazının yalnız daxili tələbatın ödənilməsi məqsədilə alındığını bildirir. Yeni qanunun qüvvəyə minməsi ilə rəsmi Bakı ixrac edilən qazın tam şəkildə yerli istehsal olduğunu sübut edən sənədlər təqdim etməli olacaq.

Xatırladaq ki, bundan əvvəl də Azərbaycanın Türkiyədəki STAR Neft Emalı Zavodunun məhsullarının idxalına Avropa tərəfindən məhdudiyyətlər tətbiq olunmuşdu. Qadağaların səbəbi zavodun xam nefti Rusiyadan alaraq emal etməsi ilə əlaqələndirilirdi. 2025-ci ildə bu alqı-satqının dayandırıldığı elan edilsə də, xarici mediada bunun yalnız kağız üzərində “mənşə dəyişdirilməsi” olduğuna dair iddialar dərc olunmağa davam edir.

İqtisadçı-ekspert Zöhrab İsmayıl sosial media hesabında qeyd edir ki, Azərbaycan və Türkiyə Avropa İttifaqının ərazisinə nəql olunan təbii qazın mənşəyini açıq şəkildə göstərməli, qaz partiyalarının Rusiya mənşəli olmadığına dair sübutlar təqdim etməlidir: 

“Azərbaycan qazının Avropaya daxil olduğu boru kəmərlərinin ilkin məntəqələrində yoxlamalar aparılacaq. Azərbaycan və Türkiyə sübut etməlidir ki, həmin qaz partiyaları Rusiyaya aid deyil. Burada əsasən Bolqarıstan və Yunanıstan nəzərdə tutulur. Bu ölkələrə təbii qazın mənşəyini yoxlamaq üçün müəyyən vaxt veriləcək. Səbəb ondan ibarətdir ki, uzun müddət Rusiya qazı mənşəyi dəyişdirilərək başqa adlar altında həmin kəmərlər vasitəsilə Avropa İttifaqına daxil olurdu. Artıq buna son qoyulur”.

Rusiyanın qaz hədələrinə qarşı Avropanın səbrinin son damlası

2027-ci ilədək Rusiya qazından tam imtina beynəlxalq media tərəfindən Avropanın enerji təhlükəsizliyində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. Rusiyanın “qaz hegemonluğu” illər ərzində Avropa ölkələrində bir neçə dəfə ciddi böhranlara səbəb olub. Qərarın mətnində də bu faktlar xatırladılır.

Belə ki, 2006-cı ilin yanvarında Rusiya Cənub-Şərqi və Mərkəzi Avropanın bir sıra ölkələrinə təbii qaz tədarükünü dayandırdı. Bu addım qiymətlərin kəskin bahalaşmasına və əhali üçün ciddi iqtisadi zərərə səbəb oldu.

6 yanvar 2009-cu ildə isə Rusiya Ukrayna ərazisindən tranzit qazın nəqlini tamamilə kəsdi. Nəticədə 18 üzv dövlət, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri ciddi şəkildə təsirləndi. Bəzi dövlətlərdə təxminən 14 gün ərzində qaz təchizatı tamamilə dayandı, məktəblər və fabriklər fəaliyyətini dayandırdı, fövqəladə vəziyyət elan olundu.

2014-cü ildə Rusiya Federasiyasının Krımı işğal etməsi, Ukraynanın qaz hasilatı obyektlərini ələ keçirməsi və bir sıra üzv dövlətlərə qaz tədarükünü azaltması bazar pozuntularına və qiymət artımına səbəb oldu.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu isə Avropa üçün “son damla” oldu. 2022-ci ilin martında qəbul edilən Versal Bəyannaməsində Rusiya enerjisindən asılılığın mərhələli şəkildə azaldılması və sonda tam aradan qaldırılması barədə razılıq əldə edildi. Qısa müddət ərzində Avropa Norveç, ABŞ, Azərbaycan və Şimali Afrika ölkələrindən qaz idxal etməklə geniş diversifikasiya siyasəti həyata keçirdi.

Müharibənin əvvəlindən bəri Avropa İttifaqının Rusiya qazından asılılığı ümumi idxalda 45%-dən 2025-ci ilin birinci yarısında 13%-ə enib. Buna baxmayaraq, ötən il 35 milyard kubmetr Rusiya qazı Aİ-nin enerji sisteminə daxil olub ki, bu da cari qiymətlərlə təxminən 10 milyard avro dəyərində qiymətləndirilir. Rusiya kömürünün idxalı tam qadağan edilib, neft idxalı isə 2022-ci ilin əvvəlindəki 27%-dən hazırda 2%-ə düşüb.

Buna baxmayaraq, Aİ-nin bəzi üzv dövlətləri hələ də Rusiyadan qaz idxalını davam etdirir. Ukraynanın 2025-ci il yanvarın 1-dən Rusiya qazının Avropaya tranziti üzrə müqaviləni uzatmaqdan imtina etməsindən sonra “Türk Axını” Rusiyanın Avropaya qaz nəqlində əsas marşrut olaraq qalıb. Bu boru kəməri Türkiyədən başlayaraq Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçir, Slovakiya da bu marşrutdan istifadə edə bilir.

Macarıstan və Slovakiyanın təzyiqləri: Məhkəməyə gedəcəklər

Macarıstan və Slovakiya 261 saylı Qərara açıq şəkildə etiraz edirlər və əleyhinə səs veriblər. “Reuters” yazır ki, Slovakiya Aİ-nin Rusiya qazı idxalını qadağan edən qərarına qarşı məhkəməyə müraciət etməyi planlaşdırır, Macarıstan da oxşar addım atacağını açıqlayıb.

Macarıstan tərəfi hesab edir ki, bu enerji qadağası Aİ müqavilələrinə və energetika sahəsində milli suverenliyə ziddir. Onların fikrincə, belə qərarlar yalnız bütün üzv dövlətlərin yekdil razılığı ilə qəbul edilən sanksiyalar çərçivəsində tətbiq oluna bilər. Rəsmi Budapeşt bildirir ki, bu addım ölkənin enerji təhlükəsizliyini zəiflədəcək, elektrik və qaz qiymətlərinin artmasına səbəb olacaq.

Macarıstanın xarici işlər naziri Peter Sijjarto yerli mediaya verdiyi açıqlamada, Aİ-nin Rusiya enerjisinə qarşı yönəlmiş REPowerEU tənzimləməsinə qarşı Avropa Ədalət Məhkəməsində hüquqi iddia qaldırdıqlarını bəyan edib.

Nazir, Rusiya nefti və qazı olmadan Macarıstanın enerji təhlükəsizliyinə və tənzimlənən məişət kommunal xidmətlərinin qiymətlərinin qorunmasına zəmanət verilə bilməyəcəyini söyləyir.

Nazir Sijjarto bildirib ki,  Macarıstanın hüquqi tədbirləri üç əsas arqumentə əsaslanır.

Birincisi, Brüsselin enerji idxalını qadağan etmək səlahiyyəti yoxdu. Bu cür qərarlar yalnız yekdil sanksiyalar yolu ilə qəbul edilə bilər. O, qərarın ticarət siyasəti adı altında qəbul edilməsini “absurd” adlandırıb

İkincisi, Aİ müqavilələrinə əsasən enerji təchizatı məsələləri milli səlahiyyətlərə daxildir və Aİ üzv dövlətlərin enerjini haradan aldığını müəyyən edə bilməz.

Üçüncüsü, Sijjarto Aİ-nin sözdə “enerji həmrəyliyi prinsipi”nə işarə edərək, bu prinsipin Birliyi bütün üzv dövlətlər üçün enerji təchizatının təhlükəsizliyini təmin etməyə məcbur etdiyini bildirdi. O, Brüsselin qərarı, xüsusilə Macarıstan üçün bu prinsipin pozulduğunu söyləyir.

Ana səhifəİqtisadiyyatAvropa Azərbaycan qazının “mənşəyini” araşdıracaq