Avro son 5 ildə ən aşağı səviyyəyə düşüb

Avro. Foto: artofvisionn/shutterstock

Bahalıq avro zonasında inflyasiyanı rekord səviyyələrə çatdıran qiymət təzyiqlərini gücləndirir”

Mayın 12-də avro dollar qarşısında 2017-ci ildən bəri ən aşağı səviyyəsinə çatıb.

Avropa Mərkəzi Bankının sözçüsü Fransua Villeroy de Galhau mayın 16-da avronun valyuta bazarlarında zəiflədiyini açıqlayıb. Bildirib ki, avronun zəifliyi dollarla idxal olunan malları və əmtəələri bahalaşdırıb.
Bura əsasən neft məhsulları daxildir.

“Bahalıq avro zonasında inflyasiyanı rekord səviyyələrə çatdıran qiymət təzyiqlərini gücləndirir”.
Villeroy özünün də rəhbərlik etdiyi Fransa Bankında keçirilən konfransda belə deyib.

“Çox zəif olan avro bizim qiymət sabitliyi məqsədimizə ziddir”.

“Reuters” yazır ki, inflyasiya və faiz artımı ilə bağlı investorların narahatlığı kriptovalyutalarla riskli aktivlərə, xüsusən də kəskin itkilərlə bağlı geniş satışa səbəb olub.

Villeroy isə bildirib ki, kriptovalyutalardakı eniş güclü böyümələrinə baxmayaraq, bu cür aktivlərə nəzarətdə az irəliləyiş əldə edən qlobal tənzimləyicilər üçün həyəcan siqnalı olmalıdır:

“Kripto aktivləri yurisdiksiyalar arasında ardıcıl və uyğun şəkildə tənzimlənməsə, nəzarət edilməsə və qarşılıqlı fəaliyyət göstərməsə, beynəlxalq maliyyə sistemini poza bilər”, – o deyib.

Fransua Villeroy de Galhau. Mənbə: “banque-france.fr”

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, avronun dəyər itirməsi daha çox sanksiyaların qarşılığı, bu tədbirlərin Avropa iqtisadiyyatına təsirləridir. Lakin dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlardandır:

“Məsələn, Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən avro artıq 1.04 kursunadək ucuzlaşıb. Bu avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir. Avronun ucuzlaşması bir tərəfdən enerji məhsullarının qiymətlərindəki artımın real sektora təsirsiz ötüşmədiyini də göstərir. Digər tərəfdən isə Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb”.

İqtisadçı deyir ki, bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım olub. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək infilyasiyası qeydə alınıb:

“İstehlak bazarında ümumi qiymət artımı 7.5 faizə yüksəlib. 2022-сi il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozonda ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa, 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir”.

Vüqar Bayramov
Foto: Meydan TV

Vüqar Bayramov düşünür ki, müharibə uzandıqca, avronun ucuzulaşması davam edəcək. Hələlik, Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görsənmir:

“Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real görünmir. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalır”.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Ana səhifəİqtisadiyyatAvro son 5 ildə ən aşağı səviyyəyə düşüb