Audiovizual Şura “Space” TV-nin yayımını üç saatlıq dayandırır

“Space” TV. Foto: wikimedia

Media eksperti: “Qanunu yanlış tətbiq ediblər”

Audiovizual Şura “Space” telekanalının yayımının üç saatlıq dayandırılması ilə bağlı qərar verib.

Bu haqda məlumat qurumun rəsmi saytında yer alıb.

Bildirilir ki, telekanalın “Gəl, danış” verilişinin mayın 12-dəki buraxılışında (saat 13.01-də) “Media haqqında” Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb.

Şuranın qəbul etdiyi müvafiq qərara görə, “Space” televiziyasının yayımı 21 may 2023-cü il tarixdə saat 08.00-11.00 arası (3 saatlıq) dayandırılacaq.

Meydan TV məsələ ilə əlaqədar “Space” televiziyasında yayımlanan “Gəl, danış” verilişinin aparıcısı Amil Xəlilə zəng etsə də, qarşı tərəf cavab verməyib.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, verilişin canlı yayımında telefon əlaqəsi quran vətəndaş müğənni, Əməkdar artist Cavanşir Məmmədovla söhbət zamanı söyüş söyüb.

Cavanşir Məmmədov Meydan TV-yə deyib ki, canlı yayımda hər şey ola bilər:

Birincisi, orada söyüş söyülməyib. İkincisi, bu, canlı yayımdır, hər şey ola bilər. Tezlik var, söyüş olanda, səsi alırlar, efirə getmir. Bu verilişin xalqa nə ziyanı var? Köməyin var ki, ziyanı yoxdur”.

Media eksperti Ələsgər Məmmədli televiziyanın yayımının dayandırlmasını doğru hesab etmir.

“Canlı yayımda deyilən sözə görə, ümumiyyətlə, televiziya məsuliyyət daşımaz. Bütün hallarda qanunu yanlış tətbiq ediblər”, – ekspert Meydan TV-yə belə deyib.

Ələsgər Məmmədli. Foto: Meydan TV

Audiovizual Şura həmçinin “Media FM” radiosununda da “Reklam haqqında” Qanunun tələblərinin pozulduğunu iddia edib.

Şuranın məlumatında bildirilir ki, radionun efirində mayın 11-də saat 08.48-də, mayın 15-də saat 08.50-də, 09.49-da və 12.50-də “Reklam haqqında” Qanunun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınıb.

Qərara alınıb ki, “Media FM” radionun verilişləri mayın 21-də saat 23.00-24.00 arası 1 saatlıq dayandırılacaq.

Ana səhifəMədəniyyətAudiovizual Şura “Space” TV-nin yayımını üç saatlıq dayandırır