«Atletlər kəndi»ndə baş verən qəza ilə bağlı bir nəfər həbs edildi

Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov həbs olundu.

Source:

Meydan Tv Apa’a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatına əsasən, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının «Atletlər kəndi»nin nəqliyyat deposunda, «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilmiş, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib.

Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.

Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Prosessual araşdırmalar çərçivəsində, həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Ana səhifəXəbərlər«Atletlər kəndi»ndə baş verən qəza ilə bağlı bir nəfər həbs edildi