Ata: “Zeynəbi ayağa qaldırmağa maddi imkanımız yoxdur”

Ailənin şəxsi arxivi

13 yaşlı qız hər səhər yuxudan şiddətli ağrılarla oyanır

“3 ildir ki, gücümüz yalnız onun ağrılarını keyitmək üçün ağrıkəsicilər vurmağa çatır. Uşaq gözümüzün qarşısında məhv olur, valideyn kimi əlimizdən heç nə gəlmir. Maddi imkansızlıq üzündən onun müalicələrini davam etdirə bilmirik”.  

Lənkəran sakini Maris Məmmədov belə deyir.

Zeynəbin 13 yaşı var. 10 ildir ki, yuvenil revmatoid artrit xəstəliyindən əziyyət çəkir. Atası Maris Məmmədov deyir, 7 il Zeynəbin müalicəsiylə məşğul olub. Ancaq maddi imkansızlıqdan 3 ildir ki, müalicə dayandırılıb. Nəticədə Zeynəbin durumu günbəgün ağırlaşır:

“Lənkəranın Separdi kəndindənik. Ancaq oranın havası nəmişlik olduğundan Zeynəbin səhhətinə mənfi təsir göstərir. Bu səbəbdən də məcburiyyət qarşısında Bakıya köçmüşük. Zeynəbdən başqa daha iki azyaşlı övladım var. Özüm 2-ci qrup əliləm. Burada fəhləliklə məşğul oluram, həm kirayəpulu ödəyirəm, həm də ailəni dolandırmağa çalışıram. İmkansızlıqdan Zeynəbin müalicələrini davam etdirə bilmirik”.

Yarımçıq müalicələr, borclanan ailə…

3 il əvvələdək Zeynəb Bakının bir neçə xəstəxanasında stasionar müalicə alıb. Bir neçə dəfə İrana aparılıb. Ancaq imkansızlıqdan İranda da müalicələr yarımçıq qalıb. Nəticədə Zeynəb yerimək qabiliyyətini itirib, ata isə onun hər dəfə yarımçıq qalan müalicələrinə görə xeyli borclanıb:

“Sonuncu dəfə təxminən 3 il əvvəl Zaurun verilişinə çıxdıq. O da bizi “Referans”a yönləndirdi. Xəstəlik Zeynəbdə yan xəstəliklərin yaranmasına səbəb olduğundan artıq böyrəkləri də sıradan çıxmışdı. “Referans”da bir müddət müalicə aldı. 3 ildir ki, müalicə almır. Xəstəliyi mürəkkəb olduğuna görə xəstəxanalar yaxın durmur. Müayinələr üçün Respublika Uşaq Xəstəxanasına aparırıq. 3 ildir ki, ağrılarını azaltmaq üçün ağrıkəsicilər vurmaqdan başqa heç nəyə gücümüz çatmır”.

“Gücümüz ağrıkəsici vurmaqdan başqa heç nəyə çatmır”

Ata deyir, Bakıda bu xəstəliyi müalicə etməyi öz üzərinə götürən həkim olsa da, maddi imkansızlıqdan bu, baş tutmur:

“Müalicə təxminən 1 il intensiv davam etməlidir. Hər ay təxminən 1000 manat xərci var. Zeynəbin hər səhəri şiddətli ağrılarla açılır. Bizimsə gücümüz ona ağrıkəsicilər vurmağa çatır. Sümükləri inkişafdan qalır, yeriyə bilmir, yan xəstəlikləri sürətlə artır. Dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etsəm də, heç bir müsbət cavab ala bilməmişəm. Ona görə də çarəm imkanlı şəxslərə müraciət etməyə qalıb”.

Zeynəbin xəstəliyi onu təhsildən də uzaq salıb. Maris Məmmədov onun sağlam həyata qayıtması üçün son ümidini imkanlı və xeyirxah insanlara bağlayıb.

Meydan TV Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.

Ana səhifəUncategorized @azAta: “Zeynəbi ayağa qaldırmağa maddi imkanımız yoxdur”