Ata Abdullayev: Təzəxan Mirələmlinin dəmir barmaqlıqlar arasına salınmasına nail olacam

Hakim Fərid Yaqubovun sədrliyilə keçirilən məhkəmə prosesinə media nümayəndələri, hüquq müdafiəçiləri və digər ictimaiyyət təmsilçiləri buraxılmayıb.

Source: Meydan TV


““Bunlar “beşinci kolondu”lar, xariclə əlaqəlidilər, terrorla məşğuldular”

Sosial mediada hakimiyyəti müdafiə edən bloger Ata Abdullayev “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin həbs olunmasını istəyir. O, mayın 21-də Xətai Rayon Məhkəməsinin qarşısında jurnalistlərə bildirib ki, T.Mirələmlinin dəmir barmaqlıqlar arxasına salınmasına nail olacaq.

Xətai Rayon Məhkəməsində T.Mirələmli haqqındakı cinayət işi üzrə hazırlıq iclası keçirilib. O, fevralın 26-da Xocalı faciəsinin ildönümüylə əlaqədar anım mərasimində A.Abdullayevi vurub ona xəsarət yetirməkdə ittiham olunur. T.Mirələmliyə qarşı Cinayət Məcəlləsinin 221.1 maddəsilə ittiham irəli sürülüb.

Hakim Fərid Yaqubovun sədrliyilə keçirilən məhkəmə prosesinə media nümayəndələri, hüquq müdafiəçiləri və digər ictimaiyyət təmsilçiləri buraxılmayıb.

T.Mirələmli Meydan TV-yə bildirib ki, hazırlıq iclasında ona dövlət hesabına vəkil təyin edilib. O, hakimə deyib ki, ittiham aktını almayıb. Prokuror buna baxmayaraq, hazırlıq iclasının keçirilməsini istəsə də, jurnalist etiraz edib. T.Mirələmli onu da bildirib ki, onun hazırlıq iclasında qaldıracağı vəsatətlər var. Məsələn, barəsindəki cinayət işi əsassız olduğu üçün ona bəraətverici əsaslarla xitam verilməsi. T.Mirələmli ittiham aktının ona çatdırılması üçün prosesin təxirə salınmasını istəyib.

Bu iş üzrə zərərçəkmiş qismində tanınan A.Abdullayev isə T.Mirələmli barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb edib: “Bunlar “beşinci kolondu”lar, xariclə əlaqəlidilər, terrorla məşğuldular. Bu yaxınlarda da təsdiqini tapdı. Həbs olunmalıdır, yoxsa qaçıb gedəcək”.

T.Mirələmli barəsində istintaq dövründə başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Məhkəmənin hazırlıq iclasında məlum olmalıdır ki, bu mərhələdə də həmin qətimkan tədbiri qüvvədə qalır, yoxsa yox. Məhkəmənin hazırlıq iclası isə mayın 22-nə təxirə salınıb. A.Abdullayevin həbs tələbinə də o zaman baxılacaq.

A.Abdullayev məhkəmədən sonra da jurnalistlər qarşısında T.Mirələmlini həbs etdirəcəyini bildirib.

T.Mirələmlinin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər islah işləri və ya azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

T.Mirələmli özünü təqsirli bilmir.

Onun üzv olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da bu cinayət təqibini son aylarda partiyaya qarşı güclənən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.

Ana səhifəSiyasətAta Abdullayev: Təzəxan Mirələmlinin dəmir barmaqlıqlar arasına salınmasına nail olacam