Özünü bloger kimi təqdim edən, ayrı-ayrı şəxsləri hədələyib, onlardan pul tələb etmə ittihamıyla həbsdə olan Ata Abdullayev azadlığa buraxılıb.
O, fevralın 13-də Xəzər Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq cəzasının qalan hissəsindən azad edilib.
Ata Abdullayev 2021-ci il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Onun cinayət işində dörd nəfər zərərçəkmiş qismində tanınıb – Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov. Şahlar Həsənov Abşeronun icra başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsidir. Elçin Əliyev isə DTX əməkdaşı olub.
Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunurdu.
O, 2022-ci ildə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ata Abdullayev daha əvvəl mitinqlərdə mülki geyimli polis qismində aksiya iştirakçılarının saxlanılması ilə yadda qalıb.
O, bundan əvvəl də iki dəfə – hərbi xidmətdən yayınma və onlayn şəkildə kartlardan oğurluq edib təyyarə biletləri alıb başqalarına satmağa görə məhkum edilib.