Meydan TV xəbər verir ki, hadisə şahidləri Cenubnews.com saytına yanğının baş vermə səbəbləri barədə məlumat veriblər. Belə ki, sosial şəbəkələrdən birində adı açıqlanmayan rayonun Pensər kənd sakinlərindən biri başqasının adından istifadə edərək Astara rayonunun Ərçivan kənd sakinlərinə qarşı nəlayiq küçə söyüşləri söyüb. Söyüşlərə qəzəblənən Ərçivan kənd sakinləri bu üzdən dövlət rəsmilərindən söyüş söyənin kim olduğunu və bu şəxsi tapıb təhvil verməsini tələb ediblər. Lakin rayon polisi həmən şəxsin kimliyini gizlədərək onu kənd sakinlərinə təhvil verməkdən boyun qaçırıb. Bundan da qəzəblənən kənd camaatı əvvəlcə Ələt-Astara magistral yolunu bağlayıb. Daha sonra isə Astara rayon mərkəzi bazarını yandırıblar.
Qeyd edək ki,Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən Cenubnews.com İnternet Qəzetinə verilən məlumata əsasən ümumi sahəsi 9000 kv.m olan mərkəzi bazarın ərazisində taxta konstruksiyalardan ibarət, bir-birinə bitişik olan piştaxtaların yanar konstruksiyalar və piştaxtalara yığılmış geyim paltarları 1500 kv.m sahədə yanıb.Yanğın baş verən əraziyə Astara Rayon Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkəran və Masallı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən əlavə olaraq daha iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.
Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 5000 kvadratmetr olan bazarın 1500 kvadratmetr ərazisi yanaraq sıradan çıxıb. Yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.